Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə kəskin addımların gündəmdə olmadığını bəyan edib.
News365.az-ın “Armenpress”ə istinadən məlumatına görə, Paşinyan bu fikirləri Lori rayonunun Şnoq kəndində seçicilərlə görüşü zamanı səsləndirib.
Baş nazir çıxışında Ermənistan–Rusiya münasibətlərinin ümumilikdə dostluq və əməkdaşlıq xarakteri daşıdığını bildirib. O, 2018-ci ildən bu yana Rusiya Prezidenti ilə 200-dən çox telefon danışığının aparıldığını xatırladıb və hökumətlərarası əlaqələrin də intensiv olduğunu qeyd edib.
Paşinyan Rusiyanı regionda supergüc kimi qəbul etdiklərini vurğulayaraq, ona hörmətlə yanaşdıqlarını deyib. Onun sözlərinə görə, Ermənistan Rusiyanın maraqlarına zidd olacaq addımlardan çəkinəcək və bu yanaşma dəyişməz olaraq qalacaq.
Baş nazir eyni zamanda Ermənistanın öz milli maraqlarını qorumağa davam etdiyini, lakin tərəflər arasında qarşıdurma və gərginlikdən uzaq durulmasının vacibliyini qeyd edib.
News365.az