Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin oğlu Türkel Kərimli ABŞ senatoru Piter Velçlə görüşüb. Əli Kərimlinin Facebook səhifəsindəki paylaşımda Türkel Kərimli senatorla görüşdə atasının “saxta ittiham” əsasında həbsi və ölkədə “insan haqlarının ağır vəziyyəti" barədə danışıb. O, Azərbaycanın əleyhinə bir sıra ittihamları dilə gətirib.
Xatırladaq ki, ötən ilin noyabr ayının 29-da AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq dindiriliblər.
Hər iki şəxs Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Əli Kərimli barəsində 4 ay həbsqəti imkan tədbiri seçilib.
News365.az xəbər verir ki, Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə Əli Kərimlinin oğlunun ermənipərəst, Azərbaycana düşmən mövqe ilə seçilən senatorla görüşünün utanverici olduğunu bildirib:
“Bəli, belə bir məlumat elə Əli Kərimlinin öz Facebook səhifəsində yayılıb. Paylaşım mənim də rastıma çıxdı. Dərhal yadıma hələ İkinci Qarabağ savaşı dönəmində Azərbaycana qarşı demarş həyata keçirən qüvvələr düşdü. Həm Avropa Parlamentində, həm də Amerika senatorları arasında cəhd edənlər olmuşdu. Azərbaycana qarşı sənədlərin qəbul edilməsi ilə bağlı canfəşanlıq göstərənlər var idi.
Çox təəssüflər olsun ki, Əli Kərimlinin oğlu həmin senatorlardan biri ilə-Peter Velçlə görüşüb. Bu həmin senatordur ki, Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvüdür və həmişə ermənipərəst, Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınıb. Senatda və Nümayəndələr Palatasında İkinci Qarabağ savaşı dönəmində Azərbaycana qarşı sənəd hazırlanıb, təklif irəli sürülmüşdü. Həmin sənədin həmmüəlliflərindən biri Peter Velç olmuşdu. Həmin o qətnamə özündə Azərbaycana qarşı qarayaxma kampaniyalarını əks etdirən bir sənəd idi. Guya Azərbaycan qondarma quruma qarşı hərbi aqressiya nümayiş etdirir, eyni zamanda bu prosesdə Türkiyə də iştirak edir. Peter Velç Azərbaycanı və Türkiyəni ittiham edən, ermənilərə dəstək verən həmin sənədin hazırlanmasında bilavasitə iştirak etmişdi və onun həmmüəlliflərindən biri idi. Əli Kərimlinin oğlu da yəqin ki, bunları bilməmiş deyil. O, bunları bilə-bilə həmin ermənipərəst senatorla görüşürsə, bu çox böyük utancverici məsələdir”.