Belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa əhəmiyyətli fayda verir.
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.
Bildirib ki, hökumətin gördüyü işləri və əsas vəzifələri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və dəqiqləşdirməyə şərait yaradır.
Ə.Əsədov qeyd edib ki, 2024-cü il Azərbaycanın müasir tarixinə əlamətdar siyasi hadisələrin baş verdiyi, möhtəşəm nailiyyətlərin əldə edildiyi il kimi yazıldı. Ötən il Vətənimizin müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə növbədənkənar prezident seçkiləri və növbədənkənar parlament seçkiləri keçirildi.
"Prezident seçkilərinin nəticələri Ulu Öndərin layiqli davamçısı olan cənab İlham Əliyevin Prezident kimi Vətənə, xalqa və dövlətçiliyə həsr edilmiş 20-illik misilsiz xidmətlərinə xalq tərəfindən verilən yüksək qiymətin bariz nümunəsinə çevrildi.
Tam suveren Azərbaycanın ilk parlament seçkiləri də çox uğurla keçdi və sədri Prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına xalqımızın inamını növbəti dəfə nümayiş etdirdi".
Nəzərə çatdırıb ki, Dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət 2024-cü ildə də müasir Azərbaycanın hərtərəfli tərəqqisinə və güclənməsinə, sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunmasına, ölkəmizin regional mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq münasibətlər sistemindəki rolunun artmasına xidmət etmişdir.