"Hazırda poliklinikalarda yeni elektron növbə sistemi qurulur. Artıq Hövsan Ailə Sağlamlıq Mərkəzində yeni elektron növbə sistemi hazırdır".
News365.az xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusundakı təlimdə çıxışı zamanı deyib.
Z.Ədilova bildirib ki, bu, indiyədək qurulan sistemdən fərqlənir:"Hazırda sistem texniki sınaqdan keçirilir. Sözügedən sistem növbələri optimallaşdıracaq və daha qısa müddətdə pasiyentin tibbi xidmət almasına şərait yaradacaq”.
Zamirə Ədilova qeyd edib ki, “Layihə hovuzu” platforması TƏBİB-in sosial məsuliyyət sahəsində atdığı mühüm addımlardan biridir.
Onun sözlərinə görə, platformanın məqsədi korporativ sosial məsuliyyət (KSM) yönümlü təşəbbüsləri bir araya gətirən, yaradıcı, innovativ və strateji layihələrin paylaşılmasını və inkişafını təşviq edən vahid bir platforma yaratmaqdır:
"Platforma sağlam həyat tərzinin təbliği, maarifləndirmə, reproduktiv sağlamlıq, rəqəmsallaşmanın rolu və digər istiqamətlərdə sosial məsuliyyət layihələrini real nəticələrə çevirməyə kömək edəcək”.