Yeni hazırlanmış “İstilik təchizatı haqqında” qanun layihəsinə əsasən, təbii qazla qidalanan fərdi istilik sistemlərinin çoxmənzilli yaşayış binalarında istifadəsinə ciddi məhdudiyyətlər tətbiq ediləcək.
Bu, Milli Məclisin son komitə iclasında müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazəsiz inşa edilmiş və ya tikilməkdə olan, eləcə də məlumatlandırma icraatı əsasında tikintiyə başlanılmadan aparılan obyektlərin istilik təchizatı şəbəkəsinə qoşulmasına icazə verilməyəcək.
Yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarında isə mənzillərin vahid istilik mənbəyi və ya bir neçə binanı əhatə edən şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulacaq. Fərdi istilik sistemlərinin layihələndirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda mümkün olacaq.
Bəs yenilik nə vəd edir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Ramil Qasımzadə deyir ki, hazırda çoxmərtəbəli binların istilik məsələsində xaotik bir mənzərə var:
“Sovetdən qalma binaların əsas hissəsinə “Azəristiliktəchizat” ASC tərəfindən istilik verilir. Son 25 ildə inşa edilmiş çoxmərtəbəli binaların bir hissəsi MTK-ların qazanxanaları, digər hissəsi isə fərdi kombilər hesabına isidilir. Nəzərə alaq ki, MTK-lar istiliyi sakinlərə kifayət qədər baha satırlar. Fərdi kombilərdə isə qaz sərfiyyatı çoxdur. Hesab edin ki, bir mənzilin istifadə etdiyi qazla vahid sistem olsa, ən azı 4-5 mənzili isitmək olar.
Ona görə də bu təşəbbüs təqdirəlayiqdir. Yəqin ki, bundan sonra yeni tikiləcək çoxmərtəbəli binaların isidilməsi vahid şəbəkə hesabına həyata keçiriləcək. Nəticədə, binaların eyvanlarındakı kombilərə ehtiyac qalmaycaq. Bu ilk növbədə istehlakçı üçün sərfəlidir. Təbii ki, “Azəristiliktəchizat” ASC də dövriyyəsini genişləndirəcək”.
Bəs, mövcud MTK-larda olan kombilərin taleyi necə olacaq?
Müsahibimiz bildirib ki, hələlik bu barədə konkret fikir yoxdur:
“Ancaq bundan sonra inşa ediləcək çoxmərtəbəli binalarda kombilərin quraşdırılması aradan qaldırılacaq. Bu günə qədər olan kombilər üçün də müəyyən addımlar atıla bilər. Nəzər alaq ki, Bir müddət əvvəl “Azərsu” çoxmərtəbəli binalarda su xətlərin şaxtalardan çıxardı və binaların girişlərində yeni sistem qurdu. Bu layihə özünü doğrultdu.
Gələcəkdə kombilərlərlə isidilən binalarda da bu tip layihələr həyata keçirilə bilər. MTK-ların qazanxanalarından istilik alan abonentlərin problemini həll etmək heç də çətin olmayacaq. Mövcud xətlər sadəcə “Azəristiliktəchizat” ASC-nin şəbəkələrinə inteqrasiya ediləcək”.