İbrahim peyğəmbər heç zaman tək yemək yeməzmiş. Fəqət yeməyə dəvət etdiyi şəxsin kimliyi ilə maraqlanarmış. Bir dəfə yemək yemək istərkən adam tapa bilmir. Xeyli axtardıqdan sonra bir yolçuya rast gəlir və onu süfrəyə dəvət edir. Adam yenicə əyləşib çörəyə əl uzadarkən İbrahim peyğəmbər görür ki, o Allahın adını anmadı. Dərhal onun dinini xəbər alır, adam təkallahlı olmadığını etiraf edir. İbrahim dərhal onu süfrədən qaldırır və onunla yemək yeyə bilməyəcəyini dilə gətirir. Bu zaman Allahdan İbrahim peyğəmbərə vəhy gələrək ona irad tutulur. Uca Allah buyurur: "Ey İbrahim, məgər görmürsənmi ki, mən bütün insanlara dinindən, inancından, mənə inanıb-inanmamasından asılı olmayaraq bərabər şəkildə ruzi verirəm, yağış yağıdırıram, ot bitirirəm?! Sən isə ruzisini sənin əlinlə vermək istədiyim bəndəmi öz süfrəndən qaldırırsan? "
İbrahim Peyğəmbər peşman olaraq Uca Allaha tövbə edib bir daha belə bir qüsura yol vermir. Ona görə də Allah onu Xəlil, yəni dostum adlandırır, nəslindən peyğəmbərlər seçir...
Hatəm isə Həzrət Məhəmməd peyğəmbərdən bir qədər əvvəl Yəməndə yaşayıb, xristian dininə mənsub olub. (Oğlu və qızı sonra İslamı qəbul edib. Haqlarında İbn Hişamın tarixində qeyd edilir.) Hatəm o qədər varlı və səxavətli olub ki, hətta onun səxavətini israfçılıq da saymaq olarmış. Dəfələrlə bütün varını kasıblara paylayıb, hətta əynindəki libaslarını da verib quma girib. Dostlarından borc pul alaraq yenidən özünə paltar, mal-dəvə alaraq təkrar ticarətə girişib və dübarə varlanıb...(Sədi Şirazinin "Gülüstan"ında da bu haqda məlumat var.)
Hər gün evindən qonaq əksik olmayıb. Dünyanın ən səxavətli adamı kimi tarixə, dillərə, dastanlara düşüb.
Hatəm hər öynə əhaliyə yemək verirmiş. Yeməyi də birbaşa özü qablara çəkər, hər kəsə şəxsən özü xidmət edər, bundan zövq alarmış.
Hatəm vəfat edəndən sonra onun qardaşı da Hatəm kimi xeyriyyə işlərinə davam etmək istəmiş, fəqət anası ona demişdir ki, səndən Hatəm olmaz. Qardaşı təkidlə Hatəmin əməlini davam edəcəyini vurğulayır.
Hatəmin qardaşı Hatəm kimi insanlara yemək paylayarkən anası üzünü niqabla örtüb əlində qab sıraya durur, yemək alıb gedir. Təkrar bir də sıraya durur. Hatəmin qardaşı qadının təkrar yemək üçün gəldiyini görüb onu acılayır, könlünü sındırır.
Anası dərhal niqabını açaraq oğluna üz tutub: "Oğul, sənə dedim axı səndən Hatəm olmaz..." - deyir.
Odur ki, hər oxuyan Molla Pənah olmadığı kimi, hər səxavətli adam da Hatəm olmaz!
Bəşər yaddaşına yazdı yaşatdı,
Dünyaya tək gəlib tək gedənləri.
Hər ocaq yetirməz, hər ana doğmaz,
Dünyaya pak gəlib pak gedənləri...
Allah qəni-qəni rəhmət eləsin!
Tural İrfan, ilahiyyatçı - yazar