Argentinanın paytaxtı Buenos-Ayresin şimalında yerləşən Nordelta kəndi dünyanın ən böyük gəmiriciləri sayılan yüzlərlə kapibara tərəfindən sözün həqiqi mənasında zəbt edilib. Bu barədə New York Times məlumat yayıb.
Nəşr yazıb ki, 2020-ci ildə pandemiya səbəbindən kənd sakinləri evlərinə qapandıqda, kapibaralar ərazidə bol yaşıllıqlar və şirin su ehtiyatları tapdıqları üçün bu baxımlı məhəllələri "koloniyalaşdırmağa" başlayıblar. Ərazidə yırtıcıların olmaması da onları bura cəlb edirmiş. Son iki il ərzində, bioloqların hesablamalarına görə, Nordeltada kapibara populyasiyası üç dəfə artaraq, demək olar ki, 1000-ə çatıb: "Bu, insanlar üçün də müəyyən mənada çətin sınaq olub".
Qeyd olunub ki, indi Nordeltdə kapibaraların tennis kortlarının yaxınlığında otlamasını, voleybol meydançalarında mürgüləməsini və avtomobillərin qarşısında yolu rahat şəkildə keçməsini tez-tez görmək olar. Əksər sakinlərin fikrincə, kapibaralar sevimli heyvan olsa da, qəzalara səbəb olur, bağ bitkilərini məhv edir və ev itlərinə belə hücum edirlər.
Tural