Dövlət Suverenliyi Günü – Azərbaycanın müstəqilliyinin rəmzi zəfəri

Dövlət Suverenliyi Günü – Azərbaycanın müstəqilliyinin rəmzi zəfəri
19:24


Bu gün, həm keçmişə ehtiram, həm bu günün uğurlarının təntənəsi, həm də gələcəyə inamın ifadəsidir

 Dövlət suverenliyi, hər bir müstəqil dövlətin ən fundamental prinsipidir. Azərbaycanın tarixində bu anlayış həm siyasi, həm hüquqi, həm də milli kimlik baxımından böyük əhəmiyyətə malikdir. Suverenlik xalqın öz taleyinə sahib çıxması, öz sərhədləri daxilində azad və müstəqil qərarlar qəbul etməsi deməkdir. Bu baxımdan 20 Sentyabr-Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçiliyi və milli kimliyi üçün mühüm bir gündür. Bu gün, Azərbaycanın müstəqilliyini və beynəlxalq hüquq çərçivəsində tanınmış suveren hüquqlarını qeyd etdiyi tarixi bir gündür.

 1991-ci ilin oktyabrında qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan rəsmi şəkildə sovet imperiyasından ayrıldı və müstəqil dövlət statusunu bərpa etdi. Bu, sadəcə hüquqi akt deyil, həm də tarixi ədalətin bərpası idi. Dövlət Suverenliyi Günü, bu aktın mahiyyətini və nəticələrini anmaq, dövlətin möhkəmlənməsinə və gələcəyə inamla irəliləməsinə dəstək olmaq üçün qeyd edilir. Azərbaycan xalqının tarixində dərin iz buraxan, milli kimlik və dövlətçilik şüurunun təntənəsini ifadə edən mühüm günlər sırasında yeni bir tarix – Dövlət Suverenliyi Günü əlavə olunub. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabr tarixində qeyd olunan bu əlamətdar gün, təkcə tarixi bir hadisənin yad edilməsi deyil, həm də dövlətçilik iradəsinin və milli birliyin rəmzi kimi tarixə yazılmışdır.

1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20%-i işğal edilmiş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Beləliklə, hüquqi müstəqillik real suverenliklə tamamlanmamışdı. Ölkə daxilində siyasi qeyri-sabitlik, iqtisadi çöküş və xarici təzyiqlər müstəqilliyi ciddi sınaqlarla üz-üzə qoyurdu. 1990-cı illərin əvvəllərindən etibarən Ermənistan Respublikasının açıq hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) işğal olundu. Bu ərazilər BMT və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından didərgin düşdü. Etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlardan bütün azərbaycanlı əhalini qovdu, yüzlərlə yaşayış məntəqəsi tamamilə məhv edildi. 30 ildən artıq davam edən işğal dövründə Azərbaycan ərazilərində genişmiqyaslı dağıntılar və qanunsuz fəaliyyətlər həyata keçirildi. İşğal olunmuş bölgələrdə şəhər və kəndlər yerlə-yeksan edildi, minlərlə tarixi və mədəni irs nümunələri dağıdıldı. Məscidlər təhqir edildi, qəbiristanlıqlar dağıdıldı, mədəniyyət abidələri vandalizmə məruz qaldı.

2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü təmin etdi və 30 ildən artıq davam edən işğala son qoydu. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də beynəlxalq hüququn və tarixi ədalətin bərpası oldu. Azərbaycan bu gün azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri aparır, şəhərlər və kəndlər yenidən salınır, keçmiş məcburi köçkünlər üçün müasir yaşayış şəraiti yaradılır. Bütün bunlar dövlətin öz suveren hüquqlarını bərpa etdiyini və bundan sonra da qətiyyətlə qoruyacağını göstərir. 30 ildən çox davam edən işğal dövrü Azərbaycan xalqının tarixində ağrılı, lakin unudulmaz bir səhifədir. Bu dövr bizə öyrətdi ki, suverenlik yalnız siyasi bir hüquq deyil, həm də qorunmalı olan milli sərvətdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində törədilən cinayətlər heç vaxt unudulmamalıdır. Tarix yaddaşımızda qalmalı, gələcək nəsillərə ötürülməlidir ki, bir daha belə faciələr təkrarlanmasın. Azərbaycan dövləti bu gün öz ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam təmin etmiş bir ölkədir. İndi isə əsas vəzifə — azad edilmiş torpaqlarda həyatın bərpası və uzunmüddətli sülhün təmin olunmasıdır.

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası istiqamətində tarixi iradənin ortaya qoyulması 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə yeni mərhələyə keçdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi, BMT qətnamələrinin 30 il ərzində həyata keçirilməyən müddəaları real güc və siyasi iradə ilə icra edildi. Bu zəfər 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri ilə tamamlandı. Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq çərçivəsində keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində suverenliyin tam bərpası həyata keçirildi. Separatçı qurumun ləğvi və dövlət hakimiyyətinin tam bərpası, Azərbaycanın tarixində yeni dövrün başlanğıcını qoydu. Prezident İlham Əliyev 20.09.2024-cü il tarixində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxışında bildirmişdir: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Dövlət Suverenliyi Günü, məhz bu dönüş nöqtələrinin və müstəqilliyin gerçək mənada bərqərar olmasının simvoludur. Bu tarix Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suveren hüquqlarının tam bərpa olunduğu günü təcəssüm etdirir. Müasir Azərbaycan dövlətinin gücünü, ordusunun peşəkarlığını və xalqla iqtidar birliyinin nəticəsini əks etdirir. Azərbaycan xalqının tarixi ədaləti və beynəlxalq hüququ öz gücü ilə təmin etdiyini bütün dünyaya nümayiş etdirir. Dövlət Suverenliyi Günü həm də bu prinsiplərin ətrafında cəmiyyətin birləşməsi, xüsusilə gənc nəslin milli ruhda tərbiyəsi baxımından mühüm ideoloji və tərbiyəvi rola malikdir.

Dövlət Suverenliyi Günü – sadəcə yeni bir tarix deyil, Azərbaycan xalqının suverenliyə doğru tarixi yürüşünün yekun zirvəsidir. Bu gün, həm keçmişə ehtiram, həm bu günün uğurlarının təntənəsi, həm də gələcəyə inamın ifadəsidir. Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlətçilik ideologiyası, xalq-iqtidar birliyi və müstəqil siyasi xətt bu suverenliyin möhkəm dayaqlarıdır. 20 sentyabr – Dövlət Suverenliyi Günü artıq bu dayaqların təqvimə həkk olunmuş təntənəsidir. Bu gün, Azərbaycan xalqının öz dövlətinə sahib çıxmasının, onun müstəqilliyini qorumasının və daha da möhkəmləndirməsinin təcəssümüdür.

Zenfira Nurullayeva

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin

xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi


Sizin reklam burada
Sizin reklam burada