Milli Məclisin sabiq deputatı, iş adamı Mahir Aslanovun ölümünün təfərrüatları məlum olub.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, uzun müddətdir Rusiyasının Yessentuki şəhərində yaşayan sabiq parlament üzvünün bir ay əvvəl ürəyində ciddi problemlər yaranıb.
O, bununla əlaqədar olaraq Bakıya qayıdıb.
Burada sahibi olduğu “Kəpəz” xəstəxanasında müayinələrdən keçib. Keçirilən müayinələr zamanı Mahir Aslanovun təcili əməliyyata ehtiyacı olduğu müəyyənləşib.
Həkimlər ona Türkiyənin İzmir şəhərində əməliyyat olunmağı məsləhət görüblər. Həkimlərin İzmir xəstəxanasını seçmələri də təsadüfü olmayıb. Onlar həmin xəstəxanada tanıdıqları və etibar etdikləri türkiyəli doktorların olduqlarını bildiriblar.
M.Aslanov bununla əlaqədar olaraq adıçəkilən şəhərə gedib və əməliyyat olunub, lakin əməliyyat uğursuz alınıb və keçmiş deputat narkozdan ayılmayıb.
Mərhumun cənazəsinin bu gün Azərbaycana gətiriləcəyi gözlənilir. O, Bakı şəhərində dəfn olunacaq.
Qeyd edək ki, M.Aslanov 1949-cu il noyabrın 22-də Naftalan şəhərində doğulub. 2010-2020-ci illərdə iki çağırış Milli Məclisin deputatı olub.
