Din nə deməkdir? - Tural İrfan yazır

Din nə deməkdir? - Tural İrfan yazır
09:50
Dini mövzuda aparılan müzakirələr əxlaq, mədəniyyət, etik normalar çərçivəsində olmalıdır. Quranda Allahla İblisin, İbrahimlə bütpərəstlərin, Musa ilə Fironun dialoqu var. Hətta aləmlərin Rəbbi olan Tanrı özünə üsyan etmiş İblislə normal dialoq edir.
İblis, Firon, bütpərəstlər belə söyüş söymür, təhqir etmir, sadəcə öz rəylərini ifadə edirlər. Amma indi özünü dindar adlandıran, əsasən Qum terror məktəbinin davamçıları fars şüubiyyəsinin metodoloji əsaslarına dayanaraq təxribat, təhqir, təhdid, böhtan, şantaj, söyüş kimi vasitələrdən geniş istifadə edirlər. Hansı ki, Qurana görə hətta şeytan belə bu metoddan istifadə etməmişdir.
Qurana görə, insan əməlləri ilə mələkdən üstün, heyvandan aşağı da ola bilər. Bəli, elələri məhz heyvandan aşağı enmişlərdir. Hətta şeytanı da arxada qoyanlardır. Quranın "İnsanlar" surəsində şeytanların, cinlərlə yanaşı insanlardan da olduğu qeyd olunur. Şeytanlıq əslində sifət, xüsusiyyət, xislətdir. Bu xislət həm cinlərdə həm də insanlarda ola bilir. Dindar qiyafəsində söyüş söyən, sosial şəbəkələrdə əxlaqsızlıq nümayiş etdirənlər məhz insanlardan olan şeytanlardır.
Biri bir qədər fərqli fikir söyləyən kimi, onu kafir, sionist agenti adlandırıb şərləmək Əməvilərin Əhli Beyti söydürməsini xatırladır.
Normal dialoq, müzakirə ədəbinə sahib olmayanlar ya cahil ya da xaindirlər. Çünki cahil yalnız öz inandığını həqiqət hesab edir və digərlərini xor, düşmən görür. Xain isə həqiqətin nə olduğunu bilir, amma satıldığı mənbəyə xidmət üçün öz xəyanət funksiyasını icra edir.
Ölkədə iki fərqli fikirli dinşünasın, ilahiyyatçının, din xadiminin qarşılıqlı hörmət əsasında, normal fikir mübadiləsi, səmimi müzakirə, hətta mübahisə apardığını az görürük. Televiziya verilişlərində formal müzakirələr var. Amma reallıq fərqlidir. Bəlkə buna şərait yaradılmır? Boşluqlar çoxdur...
Çünki din əksər xadimlərinin, ilahiyyatçıların, dindarların dünya görüşü çox məhduddur. Dünyəvi savad və təhsildən nakamdır çoxu. Dini yalnız öz məzhəbindən ibarət hesab edən, dünyanı öz kəndindən, rayonundan ibarət bilən, həqiqətin ancaq Qum və Mədinədəki sələfi şeyxlərinin rəylərindən ibarət olduğunu qəbul edib inanan adamlar mənəvi yöndən ictimai auranı korlayır, cəmiyyəti çaşqınlığa salır, din haqqında geridəqalmışlıq təəssüratı yaradır. Müasir toplum da onları qəbul etməyib irad bildirəndə söyüş və təhqirə başlayırlar. Fikrini, sözünü normal şəkildə, əxlaq çərçivəsində ifadə etmək acizliyi və savadsızlığı onları zora, söyüşə cəlb edir. Sanki bu yolla haqlı olduqlarını sübut etmək istəyirlər. Beləcə camaat da bu mənfur zümrədən uzaqlaşır, yarısı ateist yarısı da deist olur.
Bu gün xurafatçı dindarlar dini təbliğ etmir, dini gözdən salır. Dindarların, əksər din xadimlərinin təbliğatı nəticəsində bircə nəfər İslama gəlmir, amma onların sosial mediadakı nağılbazlıqlarını, xurafat və cəhalət tərənnümünü görən minlərlə adam dindən çıxır.
Nümunəvi din xadimləri, ilahiyyatçılar, dindarlar var. Amma çox azdır. Onların cəmiyyətə nümunə olmaq üçün önə çıxmaq resursları yoxdur. Amma gündə üzə çıxıb hop-hop kimi ötənlərin daha çox imkanları var. Əsasən Rusiya və İrana bağlı fiqurlar özlərinə sərf edən şəxsləri vaxtilə qidalandırıb, maddi imkanlara sahib olmaqlarına şərait yaradıb. Bu gün də köhnə münasibətlərindən, imkanlarından, "dostlar"ından istifadə edərək özlərini hər yerə dürtə bilirlər. Milli düşüncəli, savadlı, dövlətə bağlı ilahiyyatçıların, inanclı adamların isə qarşısını kəsən çox problemlər var. Özüm qarışıq milli düşüncəli, mötədil etiqadlı şəxslərin çoxu maddi - sosial problemlərinin ağuşunda çırpınaraq pərən-pərən olublar. Amma ora-bura bağlı olanlar, İrandan, ərəb ölkələrindən qidalananlar həm qaz vurub qazan doldurur həm də cəmiyyətə müəllimlik, mollalıq etməyə çalışırlar.
Din mənəviyyat, əxlaq deməkdir. Amma bu gün sosial şəbəkələrdə dini mövzuların müzakirəsində mənəviyyatsızlıq, əxlaqsızlıq görürük. Normal müzakirə aparmaq qabiliyyətində olmayanlar cəmiyyətə hansı mənəvi dəyəri aşılaya bilər? Milli düşüncəli, mötədil inanclı, tolerantlığı işinin, gəlirinin xatirinə müvəqqəti olaraq pərdə etmiş zümrə yox, elmi - təcrübi potensiala malik, mayası təmiz, məramı saf mütəxəssislərə, dinşünaslara, ilahiyyatçılara şərait yaradılmalıdır.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada