Zəkəriyyə peyğəmbər oruc tutarkən ibadətlər və dualar xaric danışmaqdan da çəkinirdi. Çünki danışarkən istər - istəməz kiminsə qəlbini sındıra bilərsən, xoşagəlməz ifadə işlədə bilərsən, yalan danışa bilərsən... İslam dinində danışmaq orucu pozmur. Amma gərək günah söz, qeybət, şər-şamartı, böhtan danışmayasan. Bu, dilin orucudur.
Eyni zamanda beynini, qəlbini xoş düşüncələrə məskən edəsən. Bu da qəlbin, beyinin orucudur.
Bir də ki, fiqhi cəhətdən orucun zahirini pozan əməllərdən uzaq durasan ki, həm ruhun həm cismin oruc ola bilsin. Dili, qəlbi, beyini qorumadınsa yalnız mədəni nəzərə aldınsa bu, zahirən oruc adlansa da mahiyyəti etibarı ilə pəhrizdir. Pəhriz isə yalnız bədənə fayda verə bilir. Əməlin, ruhun, beyinin, qəlbin təmizlənməsi, mənəviyyatın zənginləşməsi üçün gərək təkcə mədə ilə deyil, bütün varlığınla oruc tutasan. Qarnın kimi dilin, əməlin, niyyətin, qəlbin, düşüncələrin də oruc olsun.