ABŞ və İran arasında aparılan danışıqlardan müsbət nəticə əldə olunmayıb və tərəflər arasında qarşılıqlı sərt ritorika yenidən güclənməkdədir. Hazırda əsas müzakirə mövzuları nüvə proqramının dayandırılması və Hörmüz boğazı ətrafında baş verən proseslərdir.
Milli Məclisin deputatı Aydın Hüseynov News365.az-a açıqlamasında bildirib ki, xüsusilə Hörmüz boğazında yaşanan gərginlik həm region ölkələri, həm də dünya iqtisadiyyatı üçün ciddi təhdid yaradır.

Onun sözlərinə görə, İranın boğazdan keçən gəmilər üçün tətbiq etdiyi rüsumları artırması qısa müddətdə qlobal iqtisadiyyata ciddi təsir göstərib:
“Cəmi 40 gün ərzində bu proseslər neft qiymətlərində artıma səbəb olmaqla yanaşı, ümumi iqtisadi sahələrə də sirayət edib. Ərzaq məhsullarının bahalaşması, logistik xərclərin artması, sığorta qiymətlərinin yüksəlməsi və inflyasiya kimi təsirlər artıq hiss olunur.”
Deputat qeyd edib ki, İran Hörmüz boğazı üzərindən təsir imkanlarının genişliyini bir daha görüb və bu amil onun mövqelərini müəyyən qədər gücləndirir.
Bununla yanaşı, ABŞ da boğazla bağlı mövqeyini açıq şəkildə ortaya qoyub. Vaşinqton bölgədə nəzarətin təmin olunmasını və dəniz yollarının, o cümlədən minalardan təmizlənməsini tələb edir.
Aydın Hüseynov hesab edir ki, mövcud vəziyyət gərginliyin artmasına səbəb olacaq. Lakin tərəflərin artıq qarşılıqlı güc balansını görməsi səbəbindən genişmiqyaslı hərbi əməliyyatların əvvəlki intensivlikdə davam etməsi o qədər də real görünmür.