İslamabadda tarixi təmas - Vaşinqton və Tehran üz-üzə

İslamabadda tarixi təmas - Vaşinqton və Tehran üz-üzə
10:56

İslamabadda ABŞ və İran nümayəndələri arasında keçirilən birbaşa danışıqlar qısa perspektivdə müəyyən uğur kimi qiymətləndirilir. Belə ki, bu, iki ölkə təmsilçilərinin ən yüksək səviyyədə ilk birbaşa görüşü hesab olunur.

Əvvəlki illərdə Omanda və İsveçrədə baş tutan görüşlər vasitəçilər üzərindən keçirilirdi. Tərəflər ayrı-ayrı otaqlarda mövqelərini bildirir, vasitəçilər isə bu məlumatları qarşı tərəfə çatdırırdı. Bu dəfə isə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və İran rəhbərliyi birbaşa, saatlarla davam edən müzakirələr aparıblar.

Politoloq Əhməd Şahidovun News365.az-a verdiyi açıqlamaya görə, görüşdə tərəflər bir-birinin şərtlərini və mövqelərini birbaşa öyrənmək imkanı əldə ediblər:

“Ən azından tərəflər hansı mərhələyə qədər irəliləyə biləcəklərini müəyyənləşdirdilər. İlk görüşdən konkret razılaşma gözləmək mümkün deyildi, çünki hər iki tərəf maksimalist şərtlərlə çıxış edirdi.”

Ekspert qeyd edib ki, ABŞ-ın əsas tələbləri dəyişməz olaraq qalır. Vaşinqton İranın uranın zənginləşdirilməsi proqramından imtina etməsini, Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinə nüvə obyektlərinə məhdudiyyətsiz giriş verilməsini tələb edir. Bundan əlavə, İranın Yaxın Şərqdəki proksi qüvvələrə dəstəyini dayandırması, uzaqmənzilli raket proqramını məhdudlaşdırması və Hörmüz boğazının açıq saxlanılması da əsas şərtlər sırasındadır.

Şahidovun sözlərinə görə, bu tələblər İran tərəfindən qəbul edilmir və rəsmi Tehran bəzi məsələləri milli suverenlik kimi qiymətləndirir.

Digər tərəfdən, İran da ABŞ qarşısında bir sıra ciddi şərtlər irəli sürür. Tehran ABŞ və İsrail tərəfindən gələcəkdə hücum olmayacağına dair təminat istəyir, uzun illərdir tətbiq olunan sanksiyaların ləğvini və dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılmasını tələb edir.

Bununla yanaşı, İran Hörmüz boğazı üzərində nəzarət məsələsində də öz mövqeyini gücləndirməyə çalışır. Lakin bu yanaşma ABŞ və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir.

Politoloq hesab edir ki, tərəflər hazırda daha çox qarşılıqlı mövqeləri yoxlama mərhələsindədir və yaxın vaxtlarda ciddi razılaşma gözlənilmir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada