Tərəflər sərt mövqedədir, amma müharibədən qaçır

Tərəflər sərt mövqedədir, amma müharibədən qaçır
11:11

ABŞ və İran arasında aparılan danışıqlarda tərəflərin irəli sürdüyü çoxsaylı şərtlər onların maksimalist mövqeyini ortaya qoyur. Politoloq Rəşad Bayramovun sözlərinə görə, ABŞ-ın 15, İranın isə 10 maddəlik tələblər paketi ilə çıxış etməsi danışıqlar öncəsi normal hal hesab olunur.

O, News365.az-a açıqlamasında bildirib ki, tərəflərin bir-birinə zidd mövqelər sərgiləməsi danışıqların taktiki hissəsidir və ilkin mərhələdə maksimalist tələblərin irəli sürülməsi sonrakı kompromislər üçün zəmin yaradır:

“Əgər tərəflər bu tələblər üzərində israr etsəydi, ümumiyyətlə görüşün keçirilməsinə ehtiyac qalmazdı. Bu isə danışıqların mənasız olması demək olardı.”

Ekspert qeyd edib ki, ABŞ və İran arasında əsas fikir ayrılıqları uranın zənginləşdirilməsi və ballistik raket proqramı kimi məsələlərdə özünü göstərir. Bu mövzularda tərəflərin mövqeləri tam ziddiyyət təşkil edir.

Bununla belə, Rəşad Bayramov hesab edir ki, hər iki tərəf müharibənin yenidən başlamasından yayınmağa çalışır. Onun fikrincə, İran hərbi potensialının zəiflədiyini anlayır və müəyyən zaman qazanmağa çalışır.

Eyni zamanda ABŞ-da da müharibə ilə bağlı vahid mövqe yoxdur. Politoloq bildirir ki, son 40 günlük proseslər ABŞ daxilində də fikir ayrılıqlarını üzə çıxarıb:

“Bu müddətdə kütləvi etiraz aksiyaları baş verdi, Konqresdə həm demokratlar, həm də respublikaçılar arasında narazılıqlar müşahidə olundu. Hətta Milli Təhlükəsizlik və Kəşfiyyat rəhbərliyində istefa halları qeydə alındı.”

Ekspertin fikrincə, bütün bu amillər göstərir ki, tərəflər sərt ritorikaya baxmayaraq, hazırda daha çox müharibədən yayınmağa və danışıqlar yolu ilə çıxış yolu tapmağa çalışırlar.


Sizin reklam burada
Sizin reklam burada