ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Hörmüz boğazı üzərində blokadaya başlayır.
O, bu barədə Truth Social platformasında paylaşım edib.
“Bu andan etibarən ABŞ Hərbi-Dəniz Qüvvələri, dünyada ən güclü donanma Hörmüz boğazına daxil olmağa və ya oradan çıxmağa cəhd edən istənilən gəminin blokadası prosesinə başlayacaq”, — deyə Tramp qeyd edib.
O bildirib ki, ABŞ qüvvələri həmçinin boğazdan keçmək üçün İrana ödəniş edən gəmiləri axtarıb saxlayacaq.
“Qanunsuz rüsum ödəyən heç kim açıq dənizdə təhlükəsiz keçid əldə etməyəcək”, — deyə o vurğulayıb.
Trampın sözlərinə görə, İranın boğazda dəniz minaları yerləşdirməsi və onların zərərsizləşdirilməsindən imtina etməsi şantaj xarakteri daşıyır və ABŞ buna imkan verməyəcək.
“Blokada yaxın zamanda başlayacaq və ona digər ölkələr də qoşulacaq. İrana bu cür təzyiq vasitəsindən faydalanmağa imkan verilməyəcək”, — deyə o bildirib.
Tramp həmçinin ABŞ-ın Hörmüz boğazında minaların zərərsizləşdirilməsinə başladığını da qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, aprelin 11-də İslamabad şəhərində keçirilən danışıqlarda tərəflər mümkün sülh sazişinin əsas bəndlərindən biri — İranın nüvə proqramı ilə bağlı məsələdə razılığa gələ bilməyiblər. Eyni zamanda, Hörmüz boğazında gəmiçiliyin idarə olunması məsələsində də fikir ayrılığı qalır.
“Görüş ümumilikdə yaxşı keçdi, bir çox məsələlər razılaşdırıldı. Lakin ən vacib məsələ — nüvə proqramı hələ də həll olunmamış qalır”, — deyə Tramp vurğulayıb.