Qorxu insanın həyatda qalması üçün vacib bir müdafiə mexanizmidir. Ancaq bu hiss daimi hala gəldikdə orqanizmdə mənfi təsirlər yaradır və fiziki, psixoloji sağlamlığa ciddi zərər vura bilər. Daimi qorxu hissi beyində kimyəvi dəyişikliklər, psixoloji travmalar, xroniki stress və həyat tərzi ilə əlaqəli ola bilər. Bu vəziyyət, həmçinin ürək, həzm sistemi və sinir sistemi üzərində də təsir göstərərək müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.
Dr. psixiatr Mehdi Səlimli News365.az-a açıqlamasında hiperviqilans fenomeni barədə danışıb.

Onun sözlərinə görə, bu vəziyyət insanın real təhlükə olmasa belə, daim həyəcanlı və gərgin hiss etməsi ilə xarakterizə olunur.
“İnsan hər şeydən tez diksinir, qapı cırıltısına reaksiya verir, ətrafı daimi izləyir. Otaqda, evdə və küçədə gözünü hər yanda saxlayır, beynində hər an bir hadisə baş verə biləcəyi düşüncəsi formalaşır. Birdən evə kimsə girər, birdən nəsə olar kimi qorxulu ehtimallar həddindən artıq inandırıcı görünür,” – Dr. Mehdi Səlimli bildirib.
O əlavə edib ki, bədəndə boyun, çiyin, kürək əzələlərində davamlı gərginlik, yuxuya getməkdə çətinlik də hiperviqilansın əlamətləri arasındadır:
“Bu vəziyyət beynin təhlükə mərkəzinin həddindən artıq aktivləşməsi və məntiq mərkəzinin zəif işləməsi nəticəsində yaranır. Əsasən travma sonrası stres pozuntusu və uzun müddətli yuxusuzluq hallarında daha çox müşahidə olunur,” – ekspert qeyd edib.
Dr. Səlimli hiperviqilansın erkən tanınmasının və müalicəsinin əhəmiyyətini vurğulayıb, belə əlamətləri olan şəxslərin mütəxəssisə müraciət etməsinin vacibliyini diqqətə çatdırıb.