Cümə günü, mayın 2-də axşam saatlarında Xarkova təşkil olunmuş genişmiqyaslı hücum zamanı Rusiya termobarik döyüş başlıqları olan hücum dronlarından istifadə edib. Bu barədə Xarkov Vilayət Prokurorluğu Telegramda məlumat yayıb.
"Belə silahlar daha güclü partlayış dalğası və yüksək temperatur effekti yaradır ki, bu da yaşayış ərazilərində genişmiqyaslı dağıntılara və çoxsaylı insan tələfatına səbəb olur. Onların istifadəsi xüsusilə təhlükəlidir və bu, beynəlxalq humanitar hüququn qəsdən pozulmasını göstərir", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, ruslar, Geran-2 tipli ən azı 15 PUA-dan istifadə ediblər. Mayın 3-ü saat 09:30-a olan məlumata görə, 11 və 16 yaşlı iki qız da daxil olmaqla 51 mülki şəxs xəsarət alıb. İnsanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və kəskin şok keçiriblər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural