Çindən Trampa qəti etiraz: Ticarət müharibəsindən qorxmuruq

Çindən Trampa qəti etiraz: Ticarət müharibəsindən qorxmuruq
09:13

ABŞ prezidenti Donald Tramp Çin mallarına rüsumları 100 faiz artırarsa, Pekin hakimiyyəti qəti cavab tədbirləri görəcək.

Bu mövqe Çin Ticarət Nazirliyinin açıqlamasında yer alıb: "Amerika tərəfinin bu bəyanatı ikili standartların klassik nümunəsidir. Hər fürsətdə yüksək tariflərin tətbiqi ilə hədələmək Çinlə qarşılıqlı əlaqənin ən yaxşı yolu deyil. Əgər ABŞ bu yolla davam edərsə, ölkəmiz qətiyyətlə müvafiq əks tədbirlər görəcək və qanuni hüquq və maraqlarını qoruyacaq".

Nazirlik Pekinin son vaxtlar nadir torpaq metallarına ixrac nəzarətini gücləndirmək qərarını “Çin hökumətinin qanun və qaydalara uyğun olaraq həyata keçirdiyi normal hərəkətlər” olduğunu elan edib: “Çin məsuliyyətli böyük güc kimi həmişə öz milli və ümumi beynəlxalq təhlükəsizliyini qətiyyətlə müdafiə edib, ədalətlilik, ağlabatanlıq və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini ardıcıl surətdə müdafiə edib, ehtiyatlılıq və mülayimliklə ixraca nəzarət tədbirləri tətbiq edib”.

Bəyanatda qeyd edilir ki, Vaşinqton uzun müddətdir ki, milli təhlükəsizlik konsepsiyasından və Çinə qarşı ayrı-seçkilik xarakterli birtərəfli tədbirlərdən sui-istifadə edib: "ABŞ-ın ixraca nəzarət siyahısına 3000-dən çox məhsul daxildir, Çində isə bu, 900-dən bir qədər çoxdur.  ABŞ tədbirləri müəssisələrin qanuni hüquq və maraqlarını, beynəlxalq ticarət və iqtisadi nizamı əhəmiyyətli dərəcədə pozur, qlobal sənaye və logistika təchizat zəncirlərinin təhlükəsizliyinə və sabitliyinə ciddi ziyan vurur".

Ticarət Nazirliyi bildirir ki, Birləşmiş Ştatlar "Çinin narahatlıqlarına və xoş niyyətinə məhəl qoymur", onun maraqlarını əhəmiyyətli dərəcədə pozur və bu, Pekini öz kəskin etirazını bildirməyə vadar edir: "Çin tarif müharibələri ilə bağlı həmişə ardıcıl mövqe tutub: biz döyüşmək istəmirik, lakin bundan da qorxmuruq. Biz ABŞ-ın bu səhvi dərhal düzəltməsində israr edirik. Biz qarşılıqlı fikir ayrılıqlarını düzgün həll etməli və Çin-ABŞ ticarət və iqtisadi əlaqələrinin sabit, sağlam və davamlı inkişafını təmin etməliyik".


Sizin reklam burada
Sizin reklam burada