Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı Türk dünyasının bütövlüyü üçün də mənəvi əhəmiyyətə malikdir.
News365.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və 29 Oktyabr Türkiyə Respublikasının Cümhuriyyət Gününə həsr olunmuş "Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsini yol xəritəsi kimi qiymətləndirdiyini vurğulayıb:
"Bu bəyannamə Azərbaycan və Türkiyə arasında imzalanmış və içərisində müttəfiqlik sözünün əks olunduğu ilk sənəddir. Tarixdə mövcud olan Türk dövlətləri arasında heç vaxt Şuşa Bəyannaməsi qədər bütün məsələləri özündə əks etdirən bir sənəd imzalanmayıb. Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı Türk dünyasının bütövlüyü üçün də mənəvi əhəmiyyətə malikdir. Bu münasibətlər Türk dünyasının mənəvi, siyasi, mədəni münasibətlərinin lokomotividir".
C.İşbilir xatırladıb ki, Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi oradakı insanlar "Qarabağ Fatehi" deyə qarşıladılar. Bu məsələ Azərbaycan və Türkiyə mediasında həmin vaxt gündəm oldu.