Cəlilabad rayonunda güclü leysan yağışlarından sonra torpaq laylarının sürüşməsi nəticəsində arxeoloji tapıntılar üzə çıxıb. Tarixin müxtəlif dövrlərinə aid olduğu ehtimal edilən bu tapıntılar Muğan mədəniyyəti ilə əlaqələndirilir. Artıq məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Tarixçilərin fikrincə, tapıntıların fərqli dövrlərə aid olması bu ərazidə bir neçə mədəni təbəqənin mövcudluğuna işarə edir.
Maddi-mədəniyyət nümunələri Cəlilabad rayonunun Uzuntəpə kəndində, su kanalının içərisində aşkarlanıb. Son günlərdə yağan intensiv yağışlar nəticəsində kanalın torpaq layları aşınıb və nəticədə müxtəlif məişət əşyalarının qalıqları, eləcə də insan sümükləri üzə çıxıb.
Ələsgər Mirzəzadə – tarixçi:
“Tapıntıların müxtəlif dövrlərə aid olduğunu düşünürəm. Çünki burada həm bişirilməmiş, gildən hazırlanmış – ehtimal ki, səhəng və ya qazan tipli nümunələr var, həm də Son Tunc – Erkən Dəmir dövrünə aid materiallara rast gəlinir. Bunlar məişət əşyalarıdır.”
Ərazidə həmçinin metalın əridilməsi zamanı əmələ gəlmiş tullantıların qalıqları da aşkar olunub. Bu fakt bir zamanlar bölgədə metaləritmə sənətinin mövcud olduğunu və əhalinin köçəri deyil, oturaq həyat tərzi keçirdiyini göstərir.
Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə sürüşmə baş verən hissələrdə tapıntıların izləri görünür:
“Orada keramika qabın yerləşdiyi yer, bəlkə də təndirin divar hissəsi aşkar edilib. Ola bilsin, torpağın yuxarıya daşınması nəticəsində bu hissələr indi üzə çıxır.”
Mütəxəssislər bildirirlər ki, Qədim və Orta əsrlərə aid olduğu güman edilən bu tapıntılar Muğan mədəniyyəti ilə bağlı yeni məlumatların ortaya çıxmasına səbəb ola bilər. Hazırda bu tapıntılarla bağlı məlumatlar AMEA-nın Arxeologiya və Antropologiya İnstitutuna təqdim edilib. Yaxın günlərdə ərazidə daha geniş tədqiqat işlərinin aparılması gözlənilir.