Sentyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları
Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən
baş çəkiblər.
News365.az xəbər verir ki, BQXK-nın Azərbaycandakı
nümayəndəliyindən verilən xəbərə görə, saxlanılan şəxslərlə təkbətək görüşlər
keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı
saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin,
şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait
yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr
və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - məlumatda
vurğulanıb.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları
Qarabağın erməni separatçılarının “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako
Saakyan, Araik Arutyunyan, "xarici işlər naziri" olmuş David Babayan,
eləcə də “parlament sədri” olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan,
David Manukyan və “dövlət naziri” olmuş Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.