Bəzən insan düşünür: bir cəmiyyət özünü necə aldadır? Cavab çox vaxt uzaqda deyil. Cavab bəzən gözümüzün önündə ucalan, günbəzi qızıl, divarları mərmər olan məscidlərdədir. Biz onlara baxıb fəxr edirik, amma baxdığımızı görmürük. Çünki daş parlayanda, insanın solğun üzü kölgədə qalır. Bu yazım məscidlərə qarşı deyil. Bu yazı mənanın formaya qurban verilməsinə, vicdanın mərasimlə əvəzlənməsinə, imanın məsuliyyətdən ayrılmasına
qarşıdır. Tarix boyu insanlar Tanrıya yaxın olmaq üçün daş yığıblar. Daha uca, daha möhtəşəm, daha görkəmli. Sanki Tanrı ucalığı daşın hündürlüyündə ölçür. Halbuki insanın dəyəri daşın qiyməti ilə ölçüləndən bəri, cəmiyyətin ruhu kasıblaşıb. Möhtəşəm məscidlər tikmək üçün milyonlar xərclənir. Sonra o məscidlərin içində oturub kasıblar üçün dua edilir. Bu səhnə ilk baxışda mərhəmətli görünür. Amma bir az dərinə enəndə acı bir həqiqət üzə çıxır: dua çox vaxt etmədiyimizin üzrü olur. Ac insanın problemi dua azlığı deyil. Onun problemi ədalətsizlikdir. Onun problemi paylaşılmayan süfrələrdir. Onun problemi səssiz razılaşmadır. Psixoloji baxımdan dua insanın iç yükünü azaltmaq üçün ən güclü mexanizmlərdən biridir. Xüsusilə də güc sahibi üçün. Çünki dua edəndə insan özünə deyir: “Mən pis deyiləm, mən də Allahı xatırlayıram.” Amma dua hərəkətin yerini tutanda təhlükəli olur. Yardım etmək əvəzinə dua edən, haqqı bərpa etmək əvəzinə səbr tövsiyə edən insan fərqində olmadan zülmün passiv tərəfdaşına çevrilir. Bu nöqtədə iman artıq insanı dəyişmir, sadəcə onu rahatladır. Rahat vicdan isə dəyişməyən cəmiyyət deməkdir. Forma qalır, ruh gedir. Fəlsəfə bizə deyir ki, hər bir şeyin mahiyyəti var. Məscidin mahiyyəti nədir? İnsanı tərbiyə etmək. Cəmiyyəti yumşaltmaq. Ədaləti gücləndirmək. Əgər bir məscidin kölgəsində: uşaq ac yatırsa, ata borc içində əyilirsə, ana səssizcə ağlayırsa, orada forma var, amma ruh yoxdur. Daşlar yerindədir, amma vicdan yerində deyil. Din o zaman sınır ki, o, gücsüzün ümidi olmaqdan çıxıb güclünün qalxanına çevrilir. O zaman ki, məscid Allaha aparan yol yox, sistemi haqlı göstərən vitrin olur. Tarix bunu dəfələrlə göstərib. İmperatorluqlar çökməzdən əvvəl ibadət binaları böyüyüb. Çünki ədalət azalanda, müqəddəslik nümayişi artır. Daşı böyütmək insana toxunmaqdan daha asandır.