Dronların kütləvi hücumundan sonra Kurskda bir neçə yaşayış binasında yanğınlar baş verib. Bu barədə xarici KİV məlumat yayıb.
Kursk vilayəti administrasiyası güclü hücumlarla bağlı bəyanat yayıb.Bəyanatda deyilir: “Kursk gecə saatlarında düşmənin kütləvi hücumuna məruz qalıb”.
Yerli əməliyyat qrupunun məlumatına görə, hücum nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. “Təəssüf ki, 85 yaşlı qadın öldü... Doqquz nəfər də yaralanıb. Onlar qəlpə yaraları, kəllə-beyin travması, yanıqlar alıblar”, - deyə bildirilib.
Səlahiyyətlilərin məlumatına görə, şəhərdəki yaşayış binalarından birinin səkkizinci və doqquzuncu mərtəbələri zədələnib və orada yanğın baş verib. Bundan əlavə, daha iki çoxmərtəbəli bina yanıb.
Hücumun dəqiq miqyası hələlik bəlli olmasa da, Rusiyanın Telegram xəbər kanalları şəhərdə 20-dən çox partlayışın baş verdiyini bildirib. İddia olunur ki, hücumlar naməlum dronlarla edilib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi bir gecədə Kursk vilayəti səmasında 109 pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural