Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Broyer 2029-cu ilə qədər hərbi münaqişə baş verəcəyi təqdirdə Bundesverin bütün lazımi silah və texnika ilə təchiz edilməsi barədə göstəriş verib. Bu barədə “Reuters” məlumat yayıb. Nəşr əldə etdiyi mühüm sənədlərə istinad edib.
Agentlik yazıb ki, direktivdə Broyer ilk növbədə əldə edilməli və ya inkişaf etdirilməli olan silahlar üçün prioritetləri müəyyən edib. Onların arasında pilotsuz təyyarələrin qarşısını almaq üçün Almaniyanın hava hücumundan müdafiə sistemini gücləndirən tədbirlər də var.
Sənədə əsasən, daha bir prioritet cəbhə xəttinin 500 kilometrdən çox uzaqda və xeyli geridə yerləşən hədəflərə dəqiq zərbələr endirmək imkan və bacarıqlardır.
"Ən geci 2029-cu ildən etibarən Rusiya qüvvələri NATO ərazisinə geniş miqyasda təcavüz edə biləcək. Lakin onlar bizi daha tez sınaqdan keçirməyə başlaya bilərlər", - Broyer deyib.
Bundan öncə Bundestaqın Yaşıllar Partiyasından olan deputatı Anton Hofrayter bildirmişdi ki, Litvaya tank briqadası göndərilməsi Rusiyanı cilovlamaq üçün son dərəcə strateji əhəmiyyət kəsb edir. Çünki Kreml “Rusiya imperiyasını” yenidən bərpa etməyə çalışır.
Tural