Bakının Binəqədi rayonunun Həmzə Babaşov küçəsini Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi ilə əlaqələndirən 26 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
Bu barədə News365.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Foton” markalı 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.
"Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək", - məlumatda qeyd olunub.
Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.