“Azərbaycanın təşəbbüsə dəvəti ölkənin beynəlxalq nüfuzunun göstəricisidir”- Politoloq

“Azərbaycanın təşəbbüsə dəvəti ölkənin beynəlxalq nüfuzunun göstəricisidir”- Politoloq
18:07

Azərbaycanın son illər beynəlxalq sülh və əməkdaşlıq təşəbbüslərində fəal iştirakı ölkənin qlobal arenadakı mövqeyinin möhkəmləndiyini bir daha göstərir. Rəsmi Bakının etibarlı tərəfdaş kimi qəbul olunması və nüfuzlu təşəbbüslərə dəvət alması Prezident İlham Əliyevin apardığı müstəqil və balanslı xarici siyasətin real nəticələridir. Bu kontekstdə politoloq Ülviyyə Zülfüqar Azərbaycanın yeni beynəlxalq təşəbbüsə qoşulmasını mühüm siyasi hadisə kimi dəyərləndirib.

Politoloq Ülviyyə Zülfüqar News365.az- a açıqlamasında Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində iştirakını ölkə rəhbərliyinin apardığı müstəqil və balanslı siyasətin məntiqi nəticəsi kimi dəyərləndirib.

Onun sözlərinə görə, Azərbaycanın bu təşəbbüsə qoşulması Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun mühüm siyasi nəticəsidir və eyni zamanda Azərbaycan–ABŞ münasibətlərinin faydalı əməkdaşlıq və etibarlı tərəfdaşlıq üzərində qurulduğunu göstərir. Politoloq qeyd edib ki, bu addım rəsmi Bakının beynəlxalq nüfuzunun və siyasi çəkisinin artdığını da nümayiş etdirir.

Ülviyyə Zülfüqar bildirib ki, ABŞ tərəfindən irəli sürülən bu təşəbbüs çərçivəsində beynəlxalq arenada özünü sübut etmiş, sülh gündəliyində real rolu olan dövlətlər dəvət olunur. Onun fikrincə, Azərbaycanın bu təşəbbüsə dəvət edilməsi ölkənin sülh gündəliyinə sadiqliyini sübut etməsi ilə yanaşı, münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda həyata keçirdiyi işlər və irəli sürdüyü təşəbbüslərlə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməsinin göstəricisidir.

Politoloq vurğulayıb ki, bütün bunlar Azərbaycanın regional və qlobal miqyasda sülhün təşviqində fəal və etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir.


Sizin reklam burada
Sizin reklam burada