Prezident İlham Əliyev: “Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq”
Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz
Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 3-cü iclasları, Azərbaycanın enerji sahəsindəki
mövqeyini bir daha gücləndirdi. Bu tədbirlər, Azərbaycanın enerji siyasətində
yeni bir mərhələnin başladığını və ölkənin regional və qlobal enerji
bazarlarında daha da fəallaşdığını göstərir. Cənub Qaz Dəhlizi, əsasən, Avropa
və Asiyanın enerji təhlükəsizliyini təmin edən strateji layihə olaraq əhəmiyyət
kəsb edir. Bununla yanaşı, Yaşıl Enerji Məşvərət Şurası da qlobal enerjinin
yaşıl dönüşümündə Azərbaycanın fəal iştirakını vurğulayır, bu da ölkəmizin
ekoloji cəhətdən təmiz və davamlı enerji mənbələrinə keçid məqsədini
dəstəkləyir. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın enerji sektorunun
inkişafını və dünya enerji bazarlarında daha güclü iştirakını təmin edir.
Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində
nazirlərin 3-cü iclasında çıxışında bu tədbirlərin əhəmiyyətini xüsusi
vurğulayıb: “Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən
dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların
formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin
əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto
çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki
komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə
prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd
ətrafında birləşir”. Cənub Qaz Dəhlizi layihəsi, Azərbaycan üçün yalnız
iqtisadi deyil, həm də strateji bir əhəmiyyət kəsb edən mühüm bir layihədir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu layihə,
Azərbaycanın enerji diplomatiyasının ən uğurlu və təsirli nümunələrindən biri
kimi qiymətləndirilir. Bu layihə, həm regionda, həm də qlobal enerji bazarında
Azərbaycanın mövqeyini gücləndirib və ölkəmizi Avropanın enerji
təhlükəsizliyində vacib bir tərəfdaşa çevirmişdir.
Cənub
Qaz Dəhlizi, Azərbaycan qazını, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşıyan
bir enerji marşrutudur. Bu, Avropanın enerji təchizatında şaxələndirməyi və
Rusiyanın enerji monopoliyasını azaltmağı məqsəd qoyan mühüm bir layihədir.
Azərbaycanın təbii qaz ehtiyatlarının Avropaya daşınması, həmçinin, ölkənin
enerji siyasətində mühüm strateji addım olub, Azərbaycanın həm regional, həm də
qlobal enerji bazarlarında daha da möhkəmlənməsinə səbəb olub.
Prezident
İlham Əliyevin uzaqgörən siyasəti, bu layihənin reallaşmasında həlledici rol
oynayıb. Azərbaycanın, həmçinin, öz qaz ixracatını müxtəlif bazarlara yönəltmə
imkanı əldə etməsi, ölkəmizin enerji siyasətini daha müstəqil və güclü edir. Bu
layihə yalnız iqtisadi deyil, həm də diplomatik baxımdan Azərbaycanın
beynəlxalq aləmdəki nüfuzunu artırır. Prezident İlham Əliyev bildirib ki,
enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda
həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur: “Uzun illər
ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa
Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan
enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu,
həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son
görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın
alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır.
Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada
qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi
Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik.
Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan
investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın
coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar
vasitəsilə genişlənəcək”. Azərbaycanın təbii sərvətləri, xüsusən də qaz və neft
ehtiyatları, ölkəni enerji təchizatı baxımından mühüm bir mənbəyə çevirib.
Azərbaycanın Avropa, Asiya və digər regionlarla qurduğu strateji əməkdaşlıqlar,
həmçinin enerji sahəsindəki uğurlu diplomatiyası, onun etibarlı tərəfdaş kimi
nüfuzunu gücləndirib.
Cənub
Qaz Dəhlizi kimi mühüm layihələrdə Azərbaycan, yalnız enerjini təmin edən
deyil, həm də bu enerjinin təhlükəsiz və dayanıqlı şəkildə daşınmasına zəmanət
verən bir tərəfdaşdır. Azərbaycanın enerji siyasətindəki şəffaflıq, sabitlik və
uzunmüddətli tərəfdaşlıq anlayışı, həm regional, həm də qlobal səviyyədə
etibarını artırır.
Qeyd
edək ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7
beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər,
nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.
Toplantı
açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi
sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və
növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə
plenar sessiyalarla davam etdirib.
Həmçinin Məşvərət Şurası çərçivəsində
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin
ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl
Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə
Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa
keçirilib.
Tədbir çərçivəsində enerji sahəsində
əməkdaşlıq üzrə sənədlər imzalanıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən
keçirilir.
Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, enerji sahəsində bir çox
beynəlxalq layihə və təşəbbüslərdə fəal iştirak edir, bununla da qlobal enerji
təhlükəsizliyinə öz töhfəsini verir. Bu da Azərbaycanın etibarlılığını daha da
möhkəmləndirir və gələcəkdə də bu rolu davam etdirəcəyini göstərir.
Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, ölkənin
qlobal enerji təhlükəsizliyindəki rolunun əhəmiyyətini artırır və Azərbaycanın
etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Səyavuş Qasımov
Avrasiya Universitetinin
rektoru,
siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent