Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 21,6 %-i qədər olub.
News365.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3 % çoxdur.
Məlumata görə, borcun 9 milyard 8,5 milyon manatı və yaxud 5 milyard 299,1 milyon ABŞ dolları xarici, 17 milyard 192,9 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 7,4 %-i və 14,2 %-i qədərdir, 1 il əvvələ nisbətən müvafiq olaraq 18,9 % az və 2,8 dəfə çoxdur.
"Daxili dövlət borcunun kəskin artımı dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılması və "Dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi ilə bağlıdır", - deyə nazirlik bəyan edib.
Qurum sentyabrın sonuna xarici dövlət borcunun valyuta tərkibini də açıqlayıb:
XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,7 %,
- ABŞ dolları 86,1 %,
- avro 6,1 %,
- yapon yeni 3,4 %,
- digər valyutalar 0,7 %.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,3 %-ni, sabit dərəcə ilə olanlar isə 51,7 %-ni təşkil edib. Xarici dövlət borcunun 48,5 %-i 5 ilə qədər olan müddətdə, 44,5 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 7 %-i faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.