"Azərbaycanın Davos fəaliyyəti investisiya marağını artırır" - Aydın Hüseynov

"Azərbaycanın Davos fəaliyyəti investisiya marağını artırır" - Aydın Hüseynov
15:02

"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı Azərbaycanın nüfuzunu gücləndirir"

Milli Məclisin deputatı Aydın Hüseynov News365.az-a açıqlamasında bildirib ki, Davos İqtisadi Forumu dünyanın ən nüfuzlu iqtisadi platformalarından biridir və burada iştirak edən dövlət başçılarının çıxışları həm iqtisadi, həm də siyasi sahədə böyük əhəmiyyət kəsb edir.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin forumda iştirakı Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Dövlət başçısının verdiyi mesajlar və çıxışları beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir, ölkəmizə olan investisiya marağını artırır və Azərbaycanın qlobal iqtisadi proseslərdə fəal iştirak etdiyini nümayiş etdirir.

Aydın Hüseynovun sözlərinə görə, Azərbaycanın strateji mövqeyi və Orta Dəhliz üzərindəki önəmi ölkəmizi Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasında yükdaşımaların həyata keçirilməsində mühüm tərəfdaş edir. Eyni zamanda, ölkəmizin iri enerji layihələrinin təşəbbüskarı və icraçısı kimi qlobal enerji bazarında rolu Azərbaycanın beynəlxalq diqqət mərkəzində olmasını şərtləndirir.

Deputat əlavə edib ki, Davos forumunda Azərbaycanın fəaliyyəti və ölkəmizlə bağlı səsləndirilən müsbət fikirlər dayanıqlı iqtisadi inkişafın təmin olunmasına və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.


Sizin reklam burada
Sizin reklam burada