Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü qeyd olunur. Bu əlamətdar gün ölkənin müasir tarixində mühüm mərhələlərin, qazanılan böyük uğurların və əldə olunan tarixi Zəfərin memarı olan dövlət başçısının zəngin siyasi fəaliyyətinə bir daha nəzər salmaq üçün əlamətdar fürsət yaradır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü, müstəqil və suveren dövlət kimi regionda və beynəlxalq arenada öz mövqelərini daha da möhkəmləndirib.
Bu əlamətdar tarixlə bağlı Milli Məclisin deputatı Samir Vəliyev ölkə başçısının liderlik keyfiyyətləri, siyasi fəaliyyəti və Azərbaycanın inkişafındakı müstəsna rolu barədə fikirlərini bölüşüb.

"Ümumiyyətlə, dünya xalqlarının tarixinə baxdıqda biz bu gün tam əminliklə deyə bilirik ki, lider faktoru çox böyük önəm kəsb edən amildir. Bu günləri tam əminliklə demək olar ki, dünyada sözün əsl mənasında lider defisiti, lider çatışmazlığı mövcuddur. Məhz bu lider çatışmazlığı məntiqi nəticə olaraq bir çox ölkələrdə, bir çox dövlətlərdə lidersizliyə, nəticə etibarilə isə siyasi anarxiyaya, hüquqi anarxiyaya, iqtisadi böhranlara, müharibələrə, həmin ölkələrin digər dövlətlərin əlində bir alətə çevrilməsinə gətirib çıxarır."
Deputat qeyd edir ki, Azərbaycan xoşbəxt bir xalqdır:
"Çünki onun cənab Prezident kimi əsr lideri var və cənab Prezidentdə liderliyə xas olan bütün xüsusiyyətlər cəmləşib. Bu gün təsadüfi deyil ki, Avropa liderlərinin əksəriyyəti cənab Prezident haqqında fikir söyləyərkən məhz ona bənzəmək, ona oxşamaq istədiklərini ifadə edirlər. Bu da təsadüfi deyil."
"Cənab Prezidentin liderlik xarakteristikasına baxdıqda biz İlham Əliyevin bir lider olaraq praqmatik düşüncəsini, eyni zamanda onun bəsirətini, uzaqgörənliyini, hadisələrə düzgün qiymət vermək qabiliyyətini, hadisələrin axarına düşməyərək onu özünə tabe etmək bacarığını aydın şəkildə görürük. Bütün bunlar onu göstərir ki, cənab Prezident sözün əsl mənasında əsl liderdir.
Təsadüfi deyil ki, bizim xalqımız 30 illik işğaldan qurtularaq bu gün bütün ərazilərində suverenliyini məhz ölkə Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində təmin etmiş oldu. Cənab Prezidentdə bir lider olaraq danışıqlar aparmaq qabiliyyəti, siyasi müstəvidə özünü lider kimi təqdim etmək xüsusiyyəti mövcuddur. Bütün bunlar onu göstərir ki, ölkə Prezidentimiz həqiqətən də real, əsl lider obrazını özündə təcəssüm etdirir.
Qeyd etmək lazımdır ki, tamamilə doğru olaraq vurğulandığı kimi, ölkə Prezidenti ümummilli lider Heydər Əliyevin siyasi məktəbini keçmiş, bu məktəbdən qidalanmış, eyni zamanda nəcib insan olaraq Zərifə xanım Əliyevanın tərbiyəsini almış bir şəxsdir. O, bütün liderlik xüsusiyyətləri ilə yanaşı, öz xalqına, torpağına, vətəninə, millətinə bağlılığı ilə seçilir.
Bu gün lidersizliyin Avropada kifayət qədər münaqişələrə, kataklizmlərə səbəb olduğunu görürük. Azərbaycan isə regionda, Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində kifayət qədər işlər görüb. Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində artıq ciddi addımlar atılıb. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə irəli gələn məsələlərdir.
Bir məqamı da xüsusilə qeyd etmək istərdim ki, düzdür, deyirlər liderlik xüsusiyyətləri cəmiyyətdə formalaşır. Ancaq burada mən düşünürəm ki, genetik kodun da böyük mənası var. Heydər Əliyev kimi dahi şəxsiyyətdən qidalanmaq, onun məktəbini keçmək, ondan öyrənmək hər kəsə nəsib olmur. İlham Əliyevə isə bu nəsib olub – o, ümummilli lider Heydər Əliyevin məktəbini keçib.
Biz bir xalq olaraq etnopsixologiyamıza görə ənənəçi xalqıq. Bu, bizə Dədə Qorqud dövründən miras qalıb. Ənənəmizə görə yaxşı oğul ata yolunu gedir, ata vəsiyyətini yerinə yetirməyi müqəddəs hesab edir. Cənab Prezident də ata yolunu gedərək, ata vəsiyyətini yerinə yetirərək bu müqəddəs yolu davam etdirdi, Azərbaycanın bütün ərazilərində suverenliyini təmin etdi.
Bu gün Azərbaycan xalqının ölkə Prezidentimizin qarşısında bir vəfa borcu var. O da onun şəxsiyyətini hər zaman, hər yerdə qorumaq və uca tutmaqdır.