Azərbaycan Prezidentinin sərəncamı ilə imzalanmış amnistiya aktı artıq həbsdə olan və cəzasını çəkən şəxslərə birbaşa şamil edilməyə başlayıb və onlar azadlığa çıxırlar. Bu, əlbəttə ki, həmin şəxslər və onların ailələri üçün böyük sevinc və xoşbəxtlikdir."
Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu News365.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 20 min ailənin sevinci ilə bağlı olan bu addım, eyni zamanda sosial birliyin və vətəndaş-dövlət həmrəyliyinin möhkəmlənməsi istiqamətində atılmış mühüm addımdır:
"Amnistiya aktı 20 minə yaxın insanın həyatına yeni başlanğıc və imkanlar gətirir. Bu səbəbdən Azərbaycan dövlətinin humanist prinsiplərinə əsaslanan bu təşəbbüs həm hüquqi, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edir.
Deputat qeyd edib ki, amnistiyadan yararlana biləcək şəxslərin hansı kateqoriyaya aid olması da mühüm əhəmiyyət daşıyır. Akt şəhid ailələrinin üzvlərinə, Qarabağ müharibəsi iştirakçılarına və onların yaxınlarına, deportasiyaya məruz qalmış şəxslərə və onların ailələrinə, həmçinin digər xüsusi kateqoriyalardakı insanlara şamil olunur. Bu, həm də ideoloji baxımdan vətənpərvərlik, cəsarət və vətənə bağlılıq dəyərlərinin təcəssümüdür və həm mənəvi, həm hüquqi baxımdan yüksək qiymətləndirilir.
Deputat vurğulayıb ki, Azərbaycan tarixində ən böyük amnistiya aktlarından biri kimi bu hadisə həm vətəndaşlara, həm də dövlətə böyük fayda gətirəcək.