Azərbaycanda ailə dəyərləri: dünən, bu gün və sabah
Ailə hər bir cəmiyyətin sosial, mənəvi və iqtisadi əsası kimi qəbul edilir. Hər bir ailə özündə müəyyən norma, adət və dəyərləri ehtiva edir ki, bu da onun cəmiyyətdə oynadığı rolu müəyyən edir. Azərbaycan tarix boyu milli-mənəvi dəyərlərin yüksək olduğu ölkələrdən olub. Bu dəyərlər nəsillərdən nəsillərə ötürülərək müasir dövrə gəlib çatıb. Xüsusilə ailə institutu Azərbaycanda cəmiyyətin sağlamlığı üçün vacib struktur kimi fəaliyyət göstərib.
Qədim dövrdə və orta əsrlərdə ailə qurumu
Azərbaycan ərazisində ilk dövrlərdə ailənin yaranması ilə bağlı arxeoloji və tarixi mənbələr müəyyən dərəcədə məlumat verir. İlk ailələr əsasən əksiz ailə tiplərindən ibarət idi. Ata ailənin başçısı, ana isə evin və uşaqların tənzimləyicisi sayılıb. Bu struktura uyğun olaraq ailədə qərarların alınmasında ata mühüm rol oynayıb.
Xüsusilə qızların nikahı atanın razılığı ilə bağlanıb və qızın bu prosesdəki iştirakı minimal olub. Qızlar öz seçimini ifadə etməkdən çox valideynlərinin təsiri altında qalıblar. Ənənəvi ailə modelində ailənin qurulmasında ata sözü əsas idarəedici amil kimi çıxış edib. Bu ənənə uzun müddət davam edib və cəmiyyətdə ailənin qurulmasında valideynlərin təsiri həmişə ön planda saxlanılıb. Zaman keçdikcə bu münasibətlər sistemi dəyişikliklərə uğrayıb.
Orta əsrlərdə Azərbaycanda ailə qurumu İslam dininin təsiri altında formalaşmağa başlayıb. İslam hüququ ailə münasibətlərinin hüquqi tənzimlənməsində rol alıb. Bu dövrdə ailənin hüquqi statusu da müəyyən şəkildə formalaşıb. Məsələn, nikah müqaviləsi bağlanması, boşanma qaydaları, miras paylaşımı və digər hüquqi, normativ qaydalar mövcud olub.
Eyni zamanda ailənin mənəvi əhəmiyyəti də artırıldı. Ailəni qorumaq, ər-arvad arasında hörmət və sevgi vacib hesab edilib. Bu dövrdə qadınların hüquqları İslam hüququna əsasən müəyyən səviyyədə qorunsa da, praktiki həyatda hələ də ata amili üstün olub.
Beləliklə, İslam dini ailə qurumuna müəyyən hüquqi və mənəvi struktur verməyə başlayıb. İslam hüququ ailə münasibətlərinin hüquqi tənzimlənməsinə kömək edib.
Sovet dövründə ailə institutu
Sovet dövründə ailə hüquqları daha çox dövlət tərəfindən tənzimlənib. Nikahlar dövlət qeydiyyatından keçməli idi. Boşanma qaydaları isə müəyyən formallıqlar tələb edirdi. Bu dövrdə qızların təhsilini xüsusi qeyd etmək lazımdır.
Bu dövrdə ailələrin çoxu cütlüklərin öz seçimi əsasında formalaşmağa başlayıb. Valideynlərin təsiri azalsa da, ailə dəyərləri əsasən milli adət-ənənələr üzərində saxlanıldı.
Müasir Azərbaycanda ailə hüququ
Müstəqillik dövründə Azərbaycan Respublikası Konstitutsiyasında ailənin hüquqi statusu müəyyən edildi. Ailə dövlət tərəfindən qorunan institut kimi tanındı. Ər-arvad, valideyn-uşaq münasibətləri Azərbaycan Mülki Məcəlləsi ilə tənzimlənir.
Həmçinin Azərbaycanın ailə hüquqlarına dair beynəlxalq konvensiyalara qoşulmasıyla əlaqədar qanunvericilikdə də müəyyən dəyişikliklər aparıldı.
Azərbaycan Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi, Birləşmiş Millətlər Təşkilatın Uşaq Fondunun (UNICEF) uşaq hüquqları haqqında konvensiyaları və Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Bu sənədlər ailə daxilində uşaqların hüquqlarını, ər-arvad münasibətlərini, ailənin dövlət tərəfindən qorunmasını müəyyən edir.
Azərbaycanda ailənin hüquqi qorunması üçün müəyyən qanunlar mövcuddur. Məsələn, Ailə Məcəlləsi, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Uşaq hüquqları haqqında” qanunları qeyd etmək olar. Bununla belə, bu qanunların tətbiqi sahəsində müəyyən çətinliklər var. Məişət zorakılığının qarşısının alınması üçün mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var.
Sosial şəbəkələrin ailə münasibətlərinə təsiri
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ailə münasibətlərinə birbaşa təsir göstərir. Gənclər ailəiçi münasibətlərdən daha çox virtual dünyaya yönəlir. Yəni Sosial şəbəkələr ailə daxilində insanların bir-birinə olan diqqətini azaldır. Evdə oturan ailə üzvləri bir-biri ilə danışmaqdan çox telefonlarında vaxt keçirir. Bu isə ailə daxilində emosional bağların, kommunikasiyanın zəifləməsinə səbəb olur.
Bundan başqa, sosial mediada yayılan qərb mədəniyyəti, alternativ ailə modelləri və qeyri-ənənəvi münasibətlərin müəyyən mənfi təsirləri, bunların müəyyən qədər ailə dəyərlərinin deformasiyasına yol açması da qeyd olunmalıdır. Gənclər arasında ailə anlayışına münasibətin dəyişməsinin qarşısının alınması üçün səylərin artırılması önəmlidir. Çünki belə mənfi təsirlərə məruz qalan gənclər ailə qurmaqdan çəkinir və ya ailə qursa da, ailənin qorunmasına məsuliyyətlə yanaşmır.
Boşanma problemi
Son illər Azərbaycanda boşanmaların sayı artması narahatlıq doğurmaqdadır. Məsələn,
Dövlət Statistika Komitəsi məlumatına əsasən, 2023-cü ildə 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. Nikah səviyyəsi Bakı şəhəri (5,6), Şərqi Zəngəzur (6,2), Qarabağ (6,1), Mil-Muğan (5,9), Dağlıq Şirvan (5,8), ŞirvanSalyan (5,7), Qazax-Tovuz və Mərkəzi Aran (5,5), Quba-Xaçmaz (5,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
Düzdür, 2025-ci ilin birinci rübündə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11206 nikah və 4765 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb. Ancaq yenə də boşanmaların sayı narahatlıq doğurur.
Statistik məlumatlara əsasən, yeni qurulan ailələrdən daha çox ailə dağılır. Bu trend ciddi sosial problemə çevrilir.
Boşanmalar yalnız iki insan arasındakı münasibətin bitməsi deyil, həm də ailədəki uşaqların psixologiyasına, valideynlərin emosional vəziyyətinə, hətta qohumlararası münasibətlərə mənfi təsir göstərir. Uşaqların ailə mühitindən kənara düşür, depressiya halları, təhsil itkisi kimi məsələlər ailə dağılmalarından sonra daha çox rast gəlinir. Bu isə cəmiyyətdə sosial stabillik üçün təhdid sayılır. Qısası, bir ailənin dağılması yalnız bir neçə insan deyil, bütöv cəmiyyət üçün bir problemdir.
Ailə dağılan zaman xüsusən uşaqların psixologiyasında ciddi mənfi təsirlərə yol açır. Onlar emosional təcrid hissi yaşayır. Bu, gələcəkdə antisosial davranışlara, təhsildən yayınmaya, hətta cinayətkarlığa meyllənməyə səbəb ola bilər.
Ailənin institutu zəiflədikcə cəmiyyətin də potensialı zəifləməyə bilməz. Bu isə dövlət üçün uzunmüddətli planlaşmada ciddi risk yaradır.
Ailənin sosial funksiyaları
Ailə yalnız şəxsi münasibətlər deyil, həm də sosial funksiyalar yerinə yetirir. Uşaqların tərbiyəsi, milli-mənəvi dəyərlərin ötürülməsi, cəmiyyətə inteqrasiya kimi vacib funksiyalar ailədə başlayır. Bu gün də ailənin bu funksiyalarını qoruyub saxlamaq aktual qalır.
Valideynlər uşaqlarına ilk mənəvi dəyərləri aşılayan şəxslərdir. Ana və atanın davranışları, ünsiyyət üslubları, tərbiyə metodu uşağın gələcək şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.
Ailə institutu möhkəmləndirilməlidir
Gənclərin ailə dəyərlərinə marağının artırılması üçün maarifləndirici kampaniyalar aparılmalıdır. Məktəblərdə ailə dəyərləri mövzusu xüsusi diqqət mərkəzində olmalıdır. Elm və Təhsil Nazirliyi tərəfindən ailə dəyərləri mövzusunda maarifləndirici proqramlar hazırlanmalıdır.
Dərsliklərdə Azərbaycanın milli adət-ənənələri, ata sözü, ailə birliyi, hörmət və sevgi mövzuları ətraflı işlənilməlidir. Uşaqlara ailənin əhəmiyyəti, valideynlərə hörmət, ailə birliyi və sevgi mövzuları öyrədilməlidir. Ana və atalar uşaqlarına ilk növbədə evdə ailə dəyərlərini aşılamalıdır. Bunun üçün valideynlər öz davranışlarında nümunə göstərməlidir.
Televiziya kanallarında, seriallarımızda, filmlərimizdə milli dəyərlərə xüsusi diqqət yetirilməlidir. Bu, gənclərin ailə institutuna daha çox dəyər verməsini şərtləndirəcək. Alternativ mədəniyyət əvəzinə milli dəyərlər əsasında hazırlanan kontentlər dərc edilməlidir.
Boşanmaların sürətlə artması ilə bağlı hüquqi tənzimləmələr aparılmalıdır. Boşanma prosedurlarında müəyyən qaydalar tətbiq edilərək, ailələrin daha çox düşünüb qərar verməsi təmin edilməlidir. Məsələn, boşanma ərizəsi verildikdən sonra müəyyən müddət (məsələn, 6 ay) ərzində araşdırma aparılsa və tərəflərə psixoloji yardım təklif edilsə, bu, ailələrin yenidən birləşməsinə kömək edə bilər. Bu baxımdan mediasiya instutunun üzərinə daha çox iş düşür.
Ailə daxilində yaranan münaqişələrin həllində psixoloji yardım və mediasiya prosedurlarının roluna xüsusi önəm verilməlidir. Bu xidmətlər ailələrə pulsuz təqdim edilməlidir. Şəhər və rayonlarda ailə məsləhət xidmətləri açılmalı, psixoloqlar müntəzəm şəkildə ailələrə kömək göstərməlidir. Elə həkim-psixoloqlar hazırlanmalıdır ki, ailələrə müntəzəm şəkildə yardım göstərə bilsinlər. Bu xidmətlər ailə daxilində baş verən münaqişələrin erkən mərhələdə həllinə kömək edə bilər.
Bir sözlə, boşanma qaydalarında dəyişikliklər aparılmalı, ailələrə daha çox vaxt verilməli və məcburi mediasiya tətbiq edilməlidir. Bu, ailələrin yenidən düşünüb qərar verməsinə kömək edəcək.
Sosial şəbəkələrin istifadəsi sahəsində dövlət tərəfindən daha ciddi nəzarət mexanizmləri yaradılmalıdır. Cəmiyyətimizə zərərli təsir göstərən ideologiyaların yayılmasının qarşısını almaq üçün sosial şəbəkələrə nəzarət gücləndirilməlidir. Yerli kontentlərin dəstəklənməsi, milli dəyərləri əks etdirən serial və filmlərin istehsalı vasitəsilə gənclərin maarifləndirilməsi təmin edilə bilər.
Gənclər arasında ailə dəyərlərinə marağın artırılması üçün maarifləndirici proqramlar, media kampaniyaları və sosial layihələr həyata keçirilməlidir. Başqa sözlə, könüllü təşkilatlar, dövlət qurumları və təhsil müəssisələri birgə gənclər üçün maarifləndirici kampaniyalar aparmalıdır. Bu kampaniyalarda ailə dəyərləri, milli adətlər, ata sözü mövzuları önə olmalıdır.
Pozitiv məqsədlərə yönəlmiş sosial media kampaniyaları aparılmalıdır. Bu kampaniyalarda ailə dəyərləri, milli adətlər, ata sözü və s. mövzular əks olunmalıdır. Bu, gənclərin dəyərlər sistemini formalaşdırmada müsbət rol oynayacaq.
Universitetlərdə psixoloji yardım xidmətləri mövcud olsa da, ailə münasibətləri mövzusunda ayrıca xidmətlər açılmalıdır. Bu xidmətlər gənclərə ailə qurmaq barədə doğru məlumatlar verməli, onların psixoloji hazırlığını artırmalıdır.
Həmçinin uğurlu ailə modelləri təbliğ olunmalı, gənclərə real nümunələr göstərilməlidir.
Bu ailələr tədbirlərdə iştirak edərək gənclərə real nümunələr göstərməlidir. Bu, gənclərin ailə institutuna olan marağını artıracaq, ailə qurmaqdan çəkinməmələrinə kömək edəcək.
Ailə yalnız iki insanın bir araya gəlməsi deyil, həm də cəmiyyətin sağlamlığının barometridir. Azərbaycanda ailə dəyərləri tarix boyu möhkəm olub. Lakin müasir çağırışlar ailə institutunu sınayır. Bu sınaqdan uğurla keçilməlidir ki, gələcək nəsillər ailə dəyərlərinə hörmətlə yanaşsın, ailəyə dəyər versinvə ailəni müqəddəs hesab etsin.
Biz, Azərbaycan xalqı olaraq, ulu babalarımızdan miras qalan bu dəyərli institutu qorumaq və gələcək nəsillərə doğru şəkildə ötürmək borucuyuq. Çünki sağlam cəmiyyətin təməli sağlam ailələrdir.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.