Türkiyənin tanınmış aparıcısı və aktyoru Mehmet Ali Erbilin təqsirləndirildiyi “qanunsuz mərclərə təşviq” işi üzrə məhkəmə qərarı açıqlanıb. 68 yaşlı sənətçiyə 10 ay şərti həbs cəzası verilib.
News365.az xəbər verir ki, hadisə noyabr ayında İstanbulda qanunsuz mərc fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində başlamışdı. Mehmet Ali Erbil həmin araşdırmalar nəticəsində saxlanılmış, lakin istintaq müddətində sərbəst buraxılmışdı.
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı istintaq nəticəsində Mehmet Ali Erbil də daxil olmaqla bir çox şəxs barəsində cinayət işi açılmış və onlar məhkəmə qarşısına çıxarılmışdı. Bugünkü məhkəmə iclasında qərar elan olunub.
Təqdim olunan ittiham aktında Mehmet Ali Erbil üçün 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunurdu. Lakin məhkəmə sənətçiyə təxirə salınmaqla 10 ay həbs və əlavə olaraq 1000 TL məbləğində inzibati cərimə cəzası verilməsi ilə kifayətləndi.