"Azərbaycan və Gürcüstan inkişaf yolunda mühüm irəliləyişlər əldə edir"- Millət Vəkili

"Azərbaycan və Gürcüstan inkişaf yolunda mühüm irəliləyişlər əldə edir"- Millət Vəkili
13:08

"Azərbaycan və Gürcüstan inkişaf yolunda mühüm irəliləyişlər əldə edirlər. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Gürcüstanla münasibətlər, Azərbaycanın qonşu ölkələrlə siyasətində xüsusi yer tutaraq strateji əhəmiyyət qazanır."

Millət Vəkili Samir Vəliyev bunu News365.az-a deyib. 

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan yalnız iqtisadi tərəfdaşlar deyil, həm də tarixi körpülərlə bağlı iki dost ölkədir:

"Azərbaycan-Gürcüstan dostluğu çoxəsrlik tarixə əsaslanır və bu iki ölkə təkcə qonşu deyil, həm də mühüm strateji tərəfdaş kimi çıxış edirlər. Enerji sektorunda əməkdaşlıq bu münasibətlərin önəmli hissəsidir. Hər iki ölkə bu sahədə fəaliyyətlərini genişləndirməklə qarşılıqlı maraqlara xidmət edir.

Son illərdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında regional əməkdaşlıq platforması yaradılıb. Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji dəhlizləri regionun inkişafına mühüm töhfə verir. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti nəqliyyat sahəsində əlaqələri gücləndirir. Eyni zamanda, enerji kəmərləri və üçtərəfli iqtisadi maraqlar bu əməkdaşlığın əsasını təşkil edir.

Azərbaycan və Gürcüstan yalnız iqtisadi sahədə deyil, bir çox digər sahələrdə də əməkdaşlıq edirlər. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərinə dəstək verirlər. Ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr qədim dostluq və qardaşlıq ənənələrinə söykənir. Bu möhkəm təməlin üzərində formalaşan münasibətlər, gələcəyə nikbin baxmağa imkan yaradır.

S.Vəliyev həmçinin bildirir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh, sabitlik yaradır:

"Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyərək, Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq üçün mühüm əsaslar yaradırlar. Hər iki ölkə regionda məsələlərin yerli ölkələr tərəfindən həllinə üstünlük verir və bu istiqamətdə fəaliyyətlərini əlaqələndirirlər.

Azərbaycan və Gürcüstan münasibətləri daim inkişaf edir və bu əlaqələr regionda sabitliyin və rifahın təmin olunmasına mühüm töhfə verir."


News365.az