Milli Məclis Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişini ratifikasiya edib.
News365.az-ın məlumatına görə, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.
Bildirilib ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə bağlanmış Saziş 9 iyul 2025-ci il tarixində Əbu-Dabi şəhərində imzalanıb. Sazişin əsas məqsədi iki ölkə arasında ticarət və investisiya münasibətlərini genişləndirmək, ticarət maneələrini azaltmaq, qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək və uzunmüddətli, sabit hüquqi çərçivə yaratmaqdır.
Saziş ümumilikdə 18 fəsildən və bir sıra əlavələrdən ibarətdir. Onun strukturu və məzmunu müasir azad ticarət və hərtərəfli iqtisadi tərəfdaşlıq anlaşmalarına uyğun hazırlanıb.
Sazişdə malların və xidmətlərin ticarəti, investisiyalar, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət satınalmaları, rəqəmsal ticarət, əqli mülkiyyət hüquqları, kiçik və orta sahibkarlığın dəstəklənməsi, mübahisələrin həlli mexanizmləri və yekun müddəalarla bağlı əhatəli razılaşmalar öz əksini tapıb.
Sazişin müddəalarına əsasən, tərəflər arasında gömrük rüsumlarının azaldılması və ya aradan qaldırılması, malların mənşəyinin müəyyən edilməsi, ticarət prosedurlarının asanlaşdırılması, texniki və sanitar-fitosanitar qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Xidmət sektorunda şəffaflıq, bazara çıxış və bərabər rəqabət imkanları təmin edilir. Eyni zamanda, investisiyaların qorunması və təşviqi, rəqəmsal ticarətin inkişafı, dövlət satınalmalarında qarşılıqlı bazara çıxış və ayrı-seçkiliyin aradan qaldırılması kimi məsələlər də tənzimlənir.
Saziş əqli mülkiyyət hüquqlarının qorunması sahəsində də müasir beynəlxalq standartlara uyğun müddəaları özündə birləşdirir. Milli təhlükəsizlik, vergi məsələləri və beynəlxalq normalara uyğun istisnalar, həmçinin tərəflər arasında yarana biləcək mübahisələrin məsləhətləşmələr və xüsusi panel prosedurları vasitəsilə həlli mexanizmləri də sənəddə ayrıca nəzərdə tutulub. Prosedur qaydaları və panelistlərin davranış kodeksi əlavələrdə verilib.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış bu Saziş iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün müasir beynəlxalq standartlara uyğun, əhatəli hüquqi baza yaradır. Sazişin ratifikasiyası ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi fəaliyyətin genişləndirilməsi və uzunmüddətli strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.