Azərbaycan-Qətər əməkdaşlığı yeni strateji mərhələyə qədəm qoyur

Azərbaycan-Qətər əməkdaşlığı yeni strateji mərhələyə qədəm qoyur
14:38
Prezident İlham Əliyev yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tan ilə görüşüb. Görüş bir çox baxımdan diqqət çəkib.
Əvvəla qeyd edim ki, Azərbaycanla Qətər arasında möhkəm dostluq və qarşılıqlı etimad mövcuddur. Bunu Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tanın Qətər Əmirinin salamlarını Prezident İlham Əliyevə çatdırması və dövlət başçısının həmin salamları Qətər Əmirinə geri ötürülməsini xahiş etməsi təstiqləyir. Bu detal iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı hörmətin və etimadın göstəricisidir.
Azərbaycan-Qətər münasibətləri yalnız formal diplomatik çərçivədə deyil, həmçinin praktik əməkdaşlıq sahələrində – xüsusilə enerji və iqtisadi-ticarət sahələrində inkişaf edir. İki ölkə arasında əməkdaşlıq iqtisadi-ticarət sahələrində geniş potensiala malikdir. Enerji sahəsində konkret nümunə kimi Azərbaycan qazının Suriyaya çatdırılması göstərilə bilər. Bu layihədə Qətərin dəstəyi və əməkdaşlığı mühüm rol oynayıb.
Xatırladım ki, Prezident İlham Əliyev 2025-ci ilin əvvəllərində Suriya Prezidenti Əhməd Əl Şaraa ilə Antalyada görüş zamanı Azərbaycanın bu ölkənin bərpasında iştirak etməyə hazır olduğunu bildirib. Əhməd Əl Şaraanın ötən ilin 12 iyulda ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Qətərin bu prosesdə iştirakı isə həm yeni bir detal, həm də gözlənilən addım olub. Bu əməkdaşlıq, Azərbaycanla Qətərin iqtisadi tərəfdaşlıq strategiyasını daha da dərinləşdirməyə hazır olduqlarını göstərir. O cümlədən, həm Azərbaycanın regional enerji siyasətində strateji rolunu, həm də Qətərin enerji bazarındakı mövqeyini gücləndirir.
Həmçinin görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılması, diplomatik və regional məsələlərdə qarşılıqlı məsləhətləşmələrin olması mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Cənubi Qafqaz və Yaxın Şərq regionlarında geosiyasi balansın qorunması baxımından bu əməkdaşlıq strateji rol oynayır.
Azərbaycan və Qətər son illərdə regional və beynəlxalq arenada strateji əhəmiyyətə malik aktorlar kimi öz mövqelərini gücləndirirlər. Hər iki ölkə diplomatik əlaqələr, iqtisadi əməkdaşlıq və regional stabillik baxımından ortaq maraqlara malikdir. Bu maraqlar onların Cənubi Qafqaz və Yaxın Şərqdə geosiyasi balansın qorunmasına yönəlmiş fəaliyyətlərini formalaşdırır. Azərbaycan və Qətər Yaxın Şərqin birbaşa hissəsi olmasa da, regiondakı mürəkkəb proseslərdə fəal iştirakı onların strateji əhəmiyyətini artırır. Bu, xüsusilə Suriyanın bərpası və artan kürd fəallığı ilə bağlı təhlükəsizlik və enerji məsələlərində özünü göstərir.
Türkiyə ilə müttəfiqlik, həmçinin İsrail və ABŞ-ın bölgədəki mövqeləri nəzərə alınmaqla, Azərbaycan və Qətərin ortaq diplomatik məsləhətləşmələri regionda stabilliyi dəstəkləyən mexanizm kimi çıxış edir. Bu əməkdaşlıq tərəflərin strateji qərarları koordinasiya etməsinə imkan verir və regional gərginliyi azaldır. Eyni zamanda, ABŞ tərəfindən Qəzzanın yenidən bərpası və idarəsi üçün yaradılan Sülh Şurasına hər iki ölkənin dəvət olunması, onların beynəlxalq səviyyədə nüfuzunun artdığını göstərir və Ankara, həmçinin Vaşinqton qarşısında strateji əhəmiyyətlərini möhkəmləndirir.
Azərbaycan və Qətər yalnız regional diplomatiyada deyil, qlobal səviyyədə də aktiv rol oynayır. Bakı-Doha əməkdaşlığı, qarşılıqlı maraqların reallaşdırılması və strateji koordinasiyası mürəkkəb geosiyasi mühitdə həm tərəflərin, həm də onların müttəfiqlərinin maraqlarını qorumağa xidmət edir. Bu proses Azərbaycan və Qətərin beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Politoloq Turan Rzayev



Sizin reklam burada
Sizin reklam burada