"Azərbaycan qadını hər zaman ailəsinə, elinə, obasına bağlı olub" Tənzilə Rüstəmxanlı

"Azərbaycan qadını hər zaman ailəsinə, elinə, obasına bağlı olub" Tənzilə Rüstəmxanlı
11:06

"Azərbaycan qadını ən çox hörmətə və ehtirama layiq qadınlardandır. Mənim millətimin qadını hər zaman ailəsinə, elinə, obasına, vətəninə, dövlətinə bağlı olan, yurduna, ocağına sadiq bir qadındır. Bizim elə gözəl milli-mənəvi dəyərlərimiz, adətlərimiz var ki, onların hamısı ümumi şəkildə xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsidir. Azərbaycan qadınının gözəlliyi onun xidmətində, həyatında, ailədəki davranışında, analığında, bacılığında, fədakar bir həyat yoldaşı olmasındadır. Millətimizin qadını hər zaman öz yerini bilib."

Millət Vəkili Tənzilə Rüstəmxanlı bunu News365.az-a açıqlamasında deyib. 


"Mənim millətimin qadını yalnız ailəsində, mətbəxdə qadın deyil. Mənim millətimin qadını cəbhədə, ön cəbhədə, həyat yoldaşının yanında, tarixə nəzər salsaq, ömür-gün yoldaşı ilə çiyin-çiyinə, yan-yana dayanan bir qadındır. Mənim millətimin qadını dövlət qurumlarında, idarəçilikdə, rəhbər strukturlarda öz yeri olan bir qadındır. Mənim millətimin qadını Azərbaycanın taleyüklü məsələlərində həmişə sözünü deyən qadındır.

44 günlük Vətən müharibəsi bizim ən yaxın tariximizdə şahidi olduğumuz ən taleyüklü hadisələrdən biri idi və bu savaş bizim üçün ən şərəfli, ən qürurverici döyüşlərdən biri oldu ki, onun nəticəsində biz Qarabağı azad etdik. Həmin dövrdə Azərbaycan xalqı və qadınının mətanəti, dözümü bütün dünyanın gözü qarşısında idi. Azərbaycan qadını dünyaya nümunə göstəriləcək bir birlik və həmrəylik nümayiş etdirdi. Şəhid anası oğlunun tabutunu çiynində apardı. Şəhid həyat yoldaşı ərinin tabutunu başı uca şəkildə daşıdı. Bizim qadınımız budur. Bizim analarımız övladını torpağa tapşırıb, “Vətən sağ olsun” deyəcək qədər dözümlü, dövlətinə, torpağına bağlı bir qadındır.

Bu gün Azərbaycan qadını qanunverici orqanlarımızda, mənim də təmsil olunduğum parlamentdə 26 faizdən çox nümayəndəliyə sahibdir. Azərbaycan qadını harada işləyirsə-işləsin, orada layiqincə təmsil olunur və dəyərləndirilir. Bu gün parlamentimizin sədri hörmətli Sahibə xanım da bir qadındır. Bu, Azərbaycan xalqının qadına verdiyi dəyərin göstəricisidir. Dövlətimiz qadına yüksək dəyər verir. Bu gün Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin xanımı, Birinci vitse-prezidentimiz, dövlətimizin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti göz önündədir. Onun və digər qadın liderlərin fəaliyyəti gənc nəsil üçün böyük nümunədir.

Bizim qadınlarımız dövlətimizin müxtəlif sahələrində təmsil olunur, bu da cəmiyyətimizin qadına verdiyi dəyəri əks etdirir. Çünki bir cəmiyyətin mədəniyyəti onun qadına verdiyi dəyər ilə ölçülür. Mən həmişə çıxışlarımda demişəm ki, cəmiyyət qadına qarşı ikili standartlardan uzaqlaşmalı, ona yüksək mədəni səviyyədə yanaşmağı öyrənməlidir. Qadını alçaldan, ona qarşı zorakılıq tətbiq edən hər hansı bir münasibət həmin cəmiyyətin imicinə ən böyük zərbəni vurur. Ona görə də biz qadına bərabərhüquqlu vətəndaş kimi yanaşmalıyıq.

Təəssüflə qeyd etmək istəyirəm ki, bəzi hallarda mənə müraciətlər olur və məlum olur ki, hər hansı işdən ixtisar olarsa, ilk növbədə qadınları işdən azad edirlər. 40 yaşdan yuxarı qadınlar iş üçün müraciət etdikdə, onlara iş verilmir. 50 yaşdan yuxarı qadınlara iş imkanı yaradılmır. Bu da qadına qarşı mənfi münasibətin təzahürüdür. Biz bu məsələlərə qarşı mübarizə aparmalıyıq, qadınlarımızın haqlarını qorumalıyıq.

Mən Azərbaycan qadınını – şərəfli, ləyaqətli Azərbaycan qadınını təbrik edirəm! Qürurunu, şərəfini hər şeydən üstün tutan bir millətin nümayəndəsiyik. Emin olun ki, Avropanın müxtəlif bəhanələrlə Azərbaycanda həyata keçirmək istədiyi, ailə dəyərlərimizi sarsıtmağa yönəlmiş bəzi layihələr var və onların qarşısında yenə Azərbaycan qadını dayanacaq. Azərbaycan qadını ailə dəyərlərimizi, milli dəyərlərimizi qoruyacaq.

Beynəlxalq 8 Mart – Qadınlar Günü münasibətilə bütün qadınlarımızı ürəkdən təbrik edirəm. Mənim qadınım, mənim millətimin qadını, Türk qadını tariximizin ən şərəfli səhifələrini yazıb və bu tarixdə həmişə öz layiqli yerini tutub. Təbrik edirəm!


Sizin reklam burada
Sizin reklam burada