"Azərbaycanın əsas dəyərlərindən biri qadına verilən hörmətdir"- Aydın Mirzəzadə

"Azərbaycanın əsas dəyərlərindən biri qadına verilən hörmətdir"- Aydın Mirzəzadə
12:27

"Azərbaycan qadını xalqımızın tarixində mühüm rol oynayıb. O, həmişə milli dəyərlərin qorunmasında, ailə ocağının möhkəmlənməsində və yeniliklərin qəbul edilməsində aparıcı qüvvə olub. Azərbaycan qadınları zaman-zaman dəyərli övladlar böyüdərək, cəmiyyətə layiqli şəxslər qazandırıblar. Azərbaycanın qazandığı bütün uğurların təməlində məhz Azərbaycan qadınının əməyi və imzası dayanır."

Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu News365.az-a açıqlamasında deyib. 

"Məşhur maarifçi Həsən bəy Zərdabinin anası Qarabağ xanının qızı olub. Şuşalı Xurşidbanu Natəvan, böyük fransız yazıçısı Aleksandr Düma Qafqaza səfəri zamanı görüşdüyü yeganə şəxs olub. Ümummilli lider Heydər Əliyevin anası İzzət xanımın tərbiyəsi nəticəsində Azərbaycan xalqı bir ailədən Heydər Əliyev kimi görkəmli dövlət xadimi və dörd akademik yetişdirib.

Zərifə xanım Əliyeva xalqımızın taleyində mühüm rol oynayan Sevil Əliyeva və İlham Əliyev kimi şəxsiyyətləri dünyaya gətirib. Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının problemlərinin həllində göstərdiyi fədakarlıq, Azərbaycan qadınının cəmiyyətimizdəki yüksək dəyərini bir daha nümayiş etdirir.

Azərbaycan qadınları Vətənin müdafiəsində də fəal iştirak edirlər. Müharibə veteranı qadınlarımız kifayət qədər çoxdur. Bu gün Azərbaycan qadınları elm, mədəniyyət, incəsənət, təhsil, səhiyyə sahələrində çalışır, dövlət idarəçiliyində mühüm vəzifələrdə yer alırlar.

Azərbaycan dövlətinin əsas dəyərlərindən biri qadına verilən dəyər və hörmətdir. Qanunlarımız qadın və kişi bərabərliyini təmin edir və bu, cəmiyyətin bütün sahələrində özünü göstərir. Dövlət qadınların problemlərinin həllinə xüsusi diqqət ayırır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və bu qurumun fəaliyyətinin daim nəzarətdə saxlanması da bunun bariz nümunəsidir.

Milli Məclisdə hər il qadın hüquqları ilə bağlı hesabat təqdim olunur. Əgər hər hansı ailədə qadınla bağlı problem yaranarsa, buna dərhal reaksiya verilir. Son günlərdə bir ananın körpə qızına şiddət göstərməsi bütün Azərbaycan cəmiyyətini sarsıtdı. Hazırda həmin qızın taleyi diqqət mərkəzindədir.

Hesab edirəm ki, Azərbaycanda qadın hüquqlarının qorunması və ona verilən dəyər daim ən ali prinsiplərdən biri olacaq. Bu dəyərlər sayəsində Azərbaycan həmişə inkişaf edəcək və qüdrətli dövlətlər sırasında yer alacaq.


Sizin reklam burada
Sizin reklam burada