Bu qış Azərbaycanda istilik mövzusu sadəcə komfort məsələsi deyil, artıq iqtisadi və texniki gündəmdir. Kombilərin donma mövsümündə ard-arda nasazlıq verməsi, mənzillərdə istiliyin bərabər paylanmaması və artan qaz xərcləri insanları alternativ həll axtarmağa vadar edir. İllər əvvəl sıradan çıxmış kimi görünən mərkəzləşdirilmiş istilik sistemləri və yeni nəsil modul qazanxanalar isə yenidən diqqət mərkəzinə qayıdır. Artıq sual budur:
Bakı və bölgələr fərdi kombidən kollektiv istilik modelinə keçməyə hazırdırmı?
Mövzu ilə bağlı News365.az-a danışan əmlak və infrastruktur üzrə ekspert Elnur Azadov bildirib ki, istilik sisteminin seçimi birbaşa binanın tikinti dövrü və mövcud şəbəkə imkanları ilə bağlıdır.

Onun sözlərinə görə, Sovet illərində vahid şəhər planlaması ilə inşa edilən binaların bir hissəsi bu gün də “Azəristiliktəchizat”ın mərkəzi istilik şəbəkəsinə qoşuludur:
“Bu sistem binada varsa, hər bir sakin ondan istifadə edə bilər. Amma reallıq budur ki, yeni binaların əksəriyyətində bu xətt mövcud deyil və insanlar fərdi kombilərə üz tutur. Bu da əlavə enerji itkisi və nasazlıq riskini artırır.”
Ekspert qeyd edib ki, əvvəllər bəzi binalarda lokal qazanxanalar fəaliyyət göstərsə də, təxminən 10 il öncə tariflərin dəyişməsi bu sistemi iqtisadi baxımdan sərfəsiz edib və geniş tətbiq dayandırılıb.
Azadov xatırladıb ki, ölkədə “Enerji effektivliyi haqqında” qanun qüvvədədir və bu qanun çərçivəsində artıq közərmə lampalarının istehsalı və idxalı qadağan olunub. Məqsəd aydındır: daha az enerji ilə daha çox səmərə əldə etmək.
Onun sözlərinə görə, istilik sistemində yeni mərhələ artıq başlayıb:
“Ötən il parlamentdə modul tipli qazanxanalarla bağlı qanun layihəsi qəbul edildi. Bu ilin yayından isə yaşayış məhəllələrində modul qazanxanalar quraşdırılır. Binalar həmin mənbələrə fərdi qaydada qoşulacaq və istilik təminatı daha stabil olacaq.”
Ekspert həmçinin vurğulayıb ki, gələcək planlarda çoxmənzilli binaların qazdan tam asılılığının azaldılması da var. Bu məqsədlə günəş panellərinin tətbiqi nəzərdə tutulur:
“Perspektivdə yeni binalara qaz xətti verilməməsi də müzakirə edilir. Enerji resurslarını qorumaq əsas prioritetdir. Plan budur ki, binaların damlarında günəş panelləri quraşdırılsın, istilik və elektrik tələbatının bir hissəsi bu yolla təmin edilsin.”
Elnur Azadov hesab edir ki, bu addımlar kombi sistemini tam ləğv etməsə də, uzunmüddətli dövrdə onu daha dayanıqlı, sərfəli və ekoloji istilik həlləri ilə əvəzləməyə zəmin yaradacaq.