Xəbər verdiyimiz kimi,
Prezident İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına
qatılmayacaq.
Bununla bağlı Rusiya tərəfindən
məlumat yayılıb. Nəzərə alaq ki, Moskva Qələbə paradına çox ciddi hazırlaşıb.
Verilən məlumata görə tədbirə dünyanın 29 ölkəsinin dövlət və hökümət başçısı
qatılacaq. Artıq bu gündən başlayaraq fəxri qonaqların qarşılanmasına
başlanılıb. Hətta ABŞ-dan qonaqların bu tədbirə qatılacağı gözlənilir.
Amma Azərbaycan lideri son anda bu tədbirə qatılmaqdan imtina edib. İmtinanın səbəbi isə açıqlanmır. Və maraqldıır ki, rəsmi Moskva da məsələ ilə bağlı dəqiq izahat verə bilməyib.
Lakin, Rusiya tərəfi məsələdən
ciddi narahatlıq keçirir. Rusiya mətbuatı bununla bağlı müxtəlif versiyalar
irəli sürüb. Amma versiyalar o qədər də inandırıcı görünmür.
Bəs, Azərbaycan lideri Moskvay
niyə getmədi?
Əlimizdə rəsmi açıqlama olmasa
da son zamanlar iki ölkə arasında baş verənlər sualın cavablandırılmasına
müəyyən ipucları verir.
Qeyd etməliyik ki, 25 dekabr
2024-cü ildə Rusiyanın hava məkanında AZAL-a məxsus təyyarənin vurulmasından
sonra iki ölkə arasında münasibətlər xeyli soyuyub. Günahkarsa Rusiya
tərəfidir. Çünki təyyarənin Rusiya hərbçiləri tərəfindən danılmaz sübutlarla
təsdiq edilsə də rəsmi Moskva bu terror aktı ilə bağlı nə üzr istədi, nə də ki,
günahkarları cəzalandırdı.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq
Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində açıq şəkildə bildirdi ki, açıq-aydın
görünür ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç
kimə başucalığı gətirmir:
“Təbiidir
ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən
terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını
etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu
ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi.
Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan
başqa heç nə eşitməmişik”.
Bu hadisədən 5 ay keçsə də,
Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb. Ən əsası
bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.
Əslində rəsmi Moskvanın məsələyə
bu cür laqeyidliyi bəzi təxribatçı qüvvələri hərəkətə gətirdi. Və son aylarda Rusiya
tərəfindən rəsmi və qeyri-rəsmi şəkildə Azərbaycana qarşı təxribatçı çıxışları
görürük.
Hətta təxribatçı qüvvələr bir
müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan
edildiyi təsdiqini tapıb.
Çox təəssüf ki, törədilən bu təxribatlarla
bağlı rəsmi Moskva hər hansı bir açıqlama vermədi.
Bir neçə gün əvvəl Azərbaycan
parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulması və onun
Moskvada aeroportda saxlanılaraq, deportasiya edilməsi münasibətlərin
gərginləşməsində son addım oldu.
“Həm suçlu, həm güclü” kimi
aparan Rusiyanın Azərbaycana yenə də “kiçik qardaş” kimi baxması təbii ki,
qarşılıqsız qala bilməzdi. Son 6 ayda davam edən gərginlik artıq siyasi
müstəviyə çıxdı. Və Azərbaycan bir daha öz qətiyyətini göstərdi.
Əslində Azərbaycan liderinin bu
qərarı Rusiyanın siyasi elitasına çox ciddi bir mesajdır. Çünki, Azərbaycan
Rusiyanın “arxa baxçası” yox, strateji tərəfdaşıdır. Bu tərəfdaşlıqsa 2024-cü
ilin fevralında Moskvada rəsmiyyətə daşınıb. Ona görə də Rusiyanın siyasi elitası
və millətçi qüvvələri strateji tərəfdaşla necə davranmağı gec də olsa
öyrənməlidir.
Və çox təəssüf ki, kimlərisə
başa salmaq, yerini göstərmək bir qədər uzun çəkir.
News365.az