Müğənni Nuri Suri sosial şəbəkə hesabında paylaşıb ki, Bakıətrafı ərazilərdə, xüsusilə Mərdəkan və Şüvalan zonasında aparılan tikinti işləri həm ərazi baxımından, həm də memarlıq baxımından ciddi narahatlıq doğurur. Sənətçi bildirib ki, bu zonalarda torpaq sahələrinin əksəriyyəti alınıb və üzərinə keyfiyyətsiz, zövqsüz tikililər inşa olunub:
“Mərdəkan, Şüvalan tərəfdə torpaq qalmayıb. Hamısını alıblar, zövqsüz evlər tikib od qiymətinə satırlar. Bir adam da demir ki, niyə o zonanı belə bərbad günə qoymusunuz?”
Nuri Suri hesab edir ki, şəhərsalma və memarlıq məsələlərinə nəzarət gücləndirilməlidir. Onun fikrincə, digər ölkələrdə olduğu kimi, hər bölgənin vizual planı, dizaynı və rəng harmoniyası əvvəlcədən müəyyən olunmalı, tikinti yalnız bu planlara uyğun şəkildə aparılmalıdır:
“Olmazmı ki, bütün ölkələrdə olduğu kimi, hər şəhərin, bölgənin, kəndin bir dizayna uyğun görüntüsü və rəngi əvvəldən hazırlansın və ev tikən insanlara bu layihəyə uyğun tikintiyə icazə verilsin? Heyif deyil o torpaqlar?”
Müğənni daşınmaz əmlak bazarındakı qiymət artımını da tənqid edib və bu sahədə şəffaflıq çağırışı edib. Onun sözlərinə görə, bəzi vasitəçilər (maklerlər) torpaqları ucuz qiymətə əldə edib, hissələrə bölərək keyfiyyətsiz evlər tikir və bunları real dəyərindən qat-qat baha qiymətə satışa çıxarırlar:
“2-3 makler gəzir ortalıqda, torpağı ucuz qiymətə alıb, 3-4 sotla bölüb, bir-birinə bənzər ucuz və keyfiyyətsiz materiallardan istifadə edib zövqsüz evləri tikib, 350 mindən 2 milyona kimi qiymətlərlə satırlar. Bu adamların arxasında duranların pulları var, amma insaf və zövqləri yoxdur.”
Nuri Suri qeyd edib ki, bəzi şəxsi şirkətlər tərəfindən zövqlə və bağlı şəhərciklər tikilsə də, həmin ərazilərdə qiymətlər o qədər yüksəkdir ki, həmin evlərə əlçatımlılıq faktiki olaraq mümkün deyil:
“Zövqlü və bağlı şəhərciklər tikənlər də var, amma qiymətlər o qədər yüksəkdir ki, heç Amerikada və Avropada belə qiymətə ev və villalar yoxdur.”
Sənətçi bu sahədə həm şəhərsalma siyasətinin, həm də qiymət tənzimləməsinin vacibliyini vurğulayıb və aidiyyəti qurumları məsuliyyətli yanaşmağa çağırıb.