“Azad olunmuş ərazilərdə mərhələli şəkildə yeni yaşayış məntəqələri inşa edilir”
Milli Məclisin deputatı Nigar Məmmədova bu sözləri News365.az-a açıqlamasında deyib.
"İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biridir və birinci dövlət proqramı uğurla icra olunmaqdadır. Proses özündə işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyasını, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtmasını, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunmasını əhatə edir. Azərbaycan dövləti tərəfindən mərhələli şəkildə yeni yaşayış məntəqələri inşa edilir, burada sosial, tibbi və təhsil infrastruktur obyektləri yaradılır.
Ötən gün Prezident İlham Əliyevin Qarabağa səfəri çərçivəsində daha 2 yaşayış məntəqəsinin keçmiş məcburi köçkünlərin ixtiyarına verilməsinin şahidi olduq. Belə ki, Xocalının Xanyurdu və Təzəbinə kəndlərinə də yeni həyat qayıdıb. Hər iki kənd 2023-cü il həyata keçirilən antiterror əməliyyatları zamanı işğaldan azad olunub. Təzəbinə kəndinə artıq 28 ailə - 125 nəfər qayıdıb. Cari ilin sonunadək isə 159 fərdi evin tikintisi yekunlaşacaq.
Xanyurdu kəndinə də artıq 33 ailə - 122 nəfər qayıdıb. Cari ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Prezident İlham Əliyevin hər iki kənd sakinləri ilə görüşü uzun illər məcburi köçkün həyatından əziyyət çəkən soydaşlarımız üçün həm də mənəvi dəstəkdir. 30 ildən artıq ən çətin şəraitdə yaşayan soydaşlarımız bir an belə doğma yurda qayıtmaq inamını itirməyib. Dövlət başçımızın da söylədiyi kimi, “ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun.”
Budəfəki səfər zamanı Ağdamda yeni sanaye müəssisəsinin, həmçinin Xocalıda kərpic zavodunun açılışı bu ərazilərə geri qayıdan sakinlərin məşğulluğunun təmin olunmasına dəstəkdir. Ağdamdakı yeni tütün məmulatının istehsalı müəssisəsində 400 nəfər çalışır. Təsadüfi deyil ki, Ağdam Sənaye Parkı ikinci böyük sənaye parkıdır və Cənubi Qafqazda ilk beşliyə daxildir. Xocalıdakı kərpic zavodunda isə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 2 dəfə artırılması planlaşdırılır.
İşğaldan azad olunmuş ərazilərin bərpası ilk növbədə burada məskunlaşan soydaşlarımızın rifahını, təhlükəsiz yaşayışını təmin etməyə yönəlib. Bu gün Azərbaycan azad olunmuş ərazilərin bərpası ilə həm də bərpa-quruculuq prosesində unikal təcrübə nümayiş etdirir. Keçmiş məcburi köçkünlərin qayıdışı postmünaqişə dövrünün əsas prioritetidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır."
Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı da hazırlanmaqdadır. Bu proqram çərçivəsində də soydaşlarımızın öz doğma yurd-yuvasına qayıdışı təmin olunacaq.