ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb.
XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə News365.az-a bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bölgəyə səfəri Azərbaycan Respublikasından başlamalı idi.
"Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır", - XİN rəsmisi vurğulayıb.
***
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb.
News365.az xəbər verir ki, məlumatı "Report" yayıb.
Qeyd edək ki, Elina Valtonenin oktyabrın 13-15-i üçün Cənubi Qafqaza nəzərdə tutulan regional səfəri çərçivəsində Azərbaycana gəlməsi nəzərdə tutulmuşdu.
ATƏT-in fəaliyyətdə olan sədri oktyabrın 14-də Ermənistana səfər edib, sabah isə o, Gürcüstana gedəcək.