Ötən gün Binəqədi rayonunda yerləşən “Lake Hotel”də elektrik cərəyanı vurması nəticəsində faciəvi şəkildə həlak olanlardan biri də Əkbər Zeynalov Anar oğludur.
News365.az-ın məlumatına görə, Əkbər ailənin üç oğul övladındadır biridir.
Özündən böyük qardaşı hərbi xidməti yeni başa vuraraq evinə qayıdıb, kiçik qardaşının isə 11 yaşı var.
Əslən Bakıdan olan ailənin maddi imkanı çox zəifdir. Yaxınları əməkdaşımızla söhbətində bildirib ki, atası Anar uşaqları “manatlıq taksi” ilə böyüdüb.
Hadisə baş verən vaxt Əkbərin atası taksidə sükan arxasında olub. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
“Anası dünəndən donub qalıb, atası da balasına şokdan lay-lay deyirdi. Atası Əkbəri manatlıq taksi ilə, “20 Yanvar”a sərnişin daşımaqla böyütmüşdü. Əkbərin arzusu Amerikada oxumaq idi. Balaca qardaşı dünəndən Əkbərdən konfet gözləyir. Əkbər çox sakit, tərbiyəli, evə baxan uşaq idi. O qədər kasıb ailədir ki, yas çadırı qurmağa da imkankarı yoxdur” – mərhumun yaxınları bildirib.
Mərhum bu gün günorta saatlarında Masazır qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, hadisə nəticəsində Əkbər Zeynalovla yanaşı, 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev də həlak olub. /// Teleqraf
