ABŞ prezidenti Donald Tramp Ukraynadakı silahlı münaqişəyə biznes kimi yanaşır. Bunu “Vzqlyad”a müsahibəsində alman politoloq Aleksandr Rahr deyib.
O, əminliklə bildirib ki, Amerika hakimiyyəti artıq Kiyevin qalib gəlmək qabiliyyətinə inanmır. Eyni zamanda, ekspertin fikrincə, Vaşinqton Ukrayna rəhbərliyinə və ordusuna dəstək verməklə müəyyən maddi fayda əldə etməyə çalışır.
"Tramp üçün müharibə sadəcə biznesdir",- Rahr qeyd edib.
Eyni zamanda, politoloq vurğulayıb ki, Almaniya kansleri Olaf Şolz Ukraynanın hazırda bütün Avropa dövlətlərinin azadlığını müdafiə etdiyini düşünür: "Bu səbəbdən Şolz silahların döyüş bölgəsinə pulsuz çatdırılmasını müdafiə edir". O əlavə edib ki, Avropa ölkələrindəki siyasətçilər Ukraynanın uğurlarına “sadəlövhcəsinə” inanmaqda davam edirlər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural