Azərbaycan və Ermənistan arasında son bir ayda baş vermiş proseslər fonunda, regionda davamlı sülh və iqtisadi kommunikasiya xətlərinin açılması gündəmə gəlib.
Politoloq Elşən Mustafayev News365.az-a açıqlamasında bildirib ki, bu, müsbət bir inkişaf olsa da, bəzi xarici güclər tərəfindən qarşısının alınması cəhdləri mövcuddur.
Mustafayevin sözlərinə görə, Avropa İttifaqı və ABŞ tərəfdən verilən çağırışlar hər iki ölkəni daha ehtiyatlı olmağa təşviq edir:
“Paralel olaraq, ABŞ və Böyük Britaniya vətəndaşlarına Azərbaycan-Ermənistan sərhədinə getməməyi tövsiyə edib. Bu, sərhəddə mümkün risklərin qarşısını almaq üçün vacib addımdır. Xüsusilə Ermənistan tərəfi, münasibətlərin normallaşmasına mane olmaq istəyən qüvvələrin cəhdlərini dəf etməyə çalışır”.
Politoloq əlavə edib ki, Avropa İttifaqının rəsmi nümayəndəsi Azərbaycana səfəri zamanı əsas diqqət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və müqaviləni pozmaq cəhdlərinin qarşısının alınması məsələlərinə yönələcək:
“Bu səfər normal və zəruri bir addımdır. Avropa İttifaqı rəhbərliyi vasitəsilə proseslərin təhlükəsiz və səmərəli şəkildə irəliləməsi təmin olunacaq”.