ABŞ və İsrail farsları niyə qabağa verir?- Tural İrfan yazır
Dünya
09:57
Əməvi sülaləsini Ələvi sülaləsi - İmam Əlinin oğulları Həsən və Muhəmməd əl Hənəfiyyənin övladları, Əbu Müslim Xorasaninin əli ilə devirdi. Ancaq prosesə əmizadələri - İmam Əlinin əmisi Abbasın törəmələrini də qatdılar. Əməvilər süpürülüb atıldıqdan sonra hakimiyyəti Ələvilər ələ almalı, Abbas övladları da onlara vəzir olmalı idi. Ancaq Abbasilər Əli övladlarının əli ilə Əməviləri devirdikdən sonra xilafəti özləri ələ alıb onları tamamilə uzaqlaşdırdılar və əmisi uşaqlarını qırmağa, zülm etməyə, sürgün etməyə başladılar. (Seyid və şəriflərin İrana, Orta Asiyaya, Azərbaycana səpələnməsi bununla bağlıdır.) Halbuki Əməvi sülaləsinin süqutu üçün Ələvilər İmam Hüseyni, İmam Zeydi, Nəfzüzzəkiyyəni və digər önəmli simalarını qurban vermişdilər, onilliklərlə buna zəmin hazırlamışdılar. Lakin etibardan sui-istifadə edən Abbasilər hakimiyyəti ələ alıb hətta inqilabı Xorasan tərəflərin türkləri ilə başlamış Əbu Müslümü də öldürdülər.
Bu metod 1979-cu ildə İranda məharətlə istifadə olundu. İnqilabın əsl lideri, ali dini rütbəli azərbaycanlı Ayətullah Seyyid Məhəmməd Kazım Şəriətmədari sonra uzaqlaşdırılaraq onun əvəzinə Fransa və digər Qərb dairələrinin xüsusi xidmət orqanlarının müşayiəti ilə Hindistan əsilli Ayətullah Xomeyni hakimiyyətə gətirildi. Şahın edamından xilas etmək üçün ona vaxtından əvvəl "ayətullah" titulu vermiş Şəriətmədari isə sonradan Azərbaycana müxtariyyət, məktəb, azadlıq və dinin siyasətə qatılmaması tələblərinə görə həbs olundu, işgəncə ilə guya Xomeyniyə sui-qəsd təşkil etməkdə ittiham edilərək edam cəzasına məhkum edildi, fəqət ayətullah olduğu üçün cəzadan azad edilib ev həbsində böyük məhrumetmələrə mübtəla olaraq xəstəlikdən vəfat etdi. Hətta ona müalicə üçün həkim müayinəsi və müalicənin qadağan edildiyi deyilir. Əsasən azərbaycanlılardan ibarət tərəfdarları asıldı, partiyası bağanıldı və qadağan edildi. Rejim hətta Təbriz əhalisini bombalayaraq qıracağı ilə radio vasitəsi ilə elan vermişdi. Məhz bundan sonra Şəriətmədari ayaqlanan əhalini geri çəkilməyə çağırmışdı.
İndi şahın oğlunu yenidən hakimiyyətə gətirmək istəyirlər. Əsasən ABŞ və İsrail farsları qabağa verir. İranda Azərbaycan əhalisi yenə kənarda saxlanılır. Hesab edirəm ki, inqilab yaxud başqa üsullarla rejim dəyişikliyi baş verərsə Azərbaycan türkləri vaxtilə oğurlanmış inqilablarının nəticələrini geri almalıdırlar. Necə ki, vaxtilə əsasən onların gücü ilə inqilab baş tutub və farslar nəticələri oğurlayıb, türk lideri uzaqlaşdırıb farsı gətiriblər. İndi də türklər son nəticədə öz adamlarının önə çıxmasına çalışmalı, beynəlxalq təşkilatlar və böyük güclərlə danışıqlara getməlidirlər. Yoxsa əsrlər boyu farsa alət olmaq olmaz. Sən inqilab edəcəksən, fars da Fransadan yaxud ABŞ-dan adam gətirib səni illərlə, əsrlərlə krandan asacaq?