"Xocalı həsrətim hələ bitməyib"- Milli Qəhrəman Əlif Hacıyevin bacısı

"Xocalı həsrətim hələ bitməyib"- Milli Qəhrəman Əlif Hacıyevin bacısı
12:05

...Həmin gecə erməni vəhşiliyi onları hər addımda haqlayırdı. Düşmən güllələri köməksiz insanların imdad səslərini, ah-naləsini, fəryadını susdurduqca gecənin qorxunc mənzərəsi daha heybətli, daha qorxunc görünürdü.

  O gecənin səhəri insanlığın görmədiyi dəhşətli mənzərə ilə açıldı. Dərə-təpə, çöl-düz ermənilərin xüsusi qəddarlıqla  öldürdükləri insanların cəsədləri ilə dolu idi. Qışın yalquzaq pəncəsindən canlarını minbir əzabla qurtaranların  fəryadından göyün qulağı tutulmuşdu. Hava qan qoxuyurdu.   


  Xocalının müdafiəsi üçün bütün qüvvəsini səfərbər edən Əlif Hacıyev həmin gecə- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəsur oğullarımızla çoxsaylı düşmənə qarşı ölüm-dirim savaşına atılmışdı.

  ...Hər ilin bu təqvim günü gələndə yaddaşlar yenidən təzələnir. Nə qədər ağır olsa da, həmin vaxtların dəhşəti bir daha xatırlanır. Milli Qəhrəmanımız Əlif Hacıyevin bacısı Şükufə xanım News365.az-a nələri danışdı?



 

  -Əlif Hacıyev o vaxt deyirdi ki, ermənilər qondarma "artsax" deyilən qurum yaradıblar. Gizli şəraitdə ora üçün pul toplayırlar. Azərbaycanlılara qarşı qətliama hazırlaşırlar. Biz ona inanmırdıq. O da yadımdadır ki, nisbətən sakitlik bildiyimiz həmin vaxtlarda "Elktroset"in direktoru vardı- erməni. Onun azərbaycanlılara qarşı cəsusluq etdiyi, terror hazırlığında olduğunu bizimkilər biləndə ermənilər bunun üstünü tez-tələsik  ört-basdır etdilər. Hiyləgərcəsinə onun ölüm xəbərini yayıb, teatrın binasında uydurma "dəfn mərasimi" keçirdilər.   

   -Şükufə xanım, deməli, faciə addım-addım yaxınlaşırmış.

    -Camaat duyuq düşmüşdü. Mənim yoldaşım polis işçisi idi. Bir gün mənə dedi ki, qarışıqlıqdı, uşaqlardan muğayat ol. Üç uşağımız vardı, üçü də orta məktəbdə oxuyurdu.

  Yadımdadır ki, fevralın 20-si idi. Yoldaşım günorta yeməyinə gəlmişdi. Gələn kimi də dedi ki, şəhərdə vəziyyət pisdir, nümayiş gedir, tez gedib uşaqları məktəbdən götür. Məktəbə çatanda gördüm ki, valideynlər, uşaqlar böyük həyəcan, qorxu içindədirlər. Hər kəs uşağını götürüb evinə qaçırdı.

  Şəhərdə qarşıqlığı görəndən sonra evdən şıxmaq mümkün deyildi. Anam rəhmətə getmişdi. Yoldaşım oğlumuzu götürüb Xocalıya- atamgilə getdi. İki qızımızla evdə qalası oldıq.

  Gecə idi. Bir də gördüm hər tərəf dümağ rəngə büründü. Bizim mənzil 7-ci mərtəbədə idi. Bir eyvanımız Şuşa, o biri Ağdam tərəfə baxırdı. Baxdım ki, projektorları məqsədli şəkildə azərbaycanlıların yaşadıqları evlərin içinə yönəldiblər. Binamızda bizdən başqa cəmi bir azərbaycanlı ailəsi yaşayırdı. Qəfil qapımız döyldü. Düzü, qorxdum. İki azyaşlı qız uşağı, bir də mən idim evdə. Mətbəxdə ət baltası vardı, cəld onu götürüb durdum qapının ağzında. Bir az keçdi. Qapımızı yenidən möhkəm döydülər. Səsimi çıxarmırdım.Sonra sakitlik yarandı. Bir qədər də diqqətlə dinləyəndə gördüm ki, ermənilər o biri qapıları da döyürlər. Bir qrupu həyətdə danışıb-gülür. Ucadan danışırdılar ki, reyd keçiririk ki, azərbaycanlılar üstümüzə gəlsələr, qarşısını necə almağı bilək. Xəstəxanada mənimlə işləyən qadının qarşı eyvana çıxdığını görəndə bir  qədər sakitləşdim. Amma qorxu canımdan çıxmırdı. Ehtiyatla qonşunun  qapısını döydüm. Sahibi erməni idi. Qapını açdı. Dedim olar mən uşaqlarımla bu gecə sizdə qalım? Qorxuruq, gəlib bizi burda öldürə bilərlər. Nə qədər xahiş etdim, xeyiri olmadı. Qapını üzümə çırpdı.

  Səhər yoldaşım gəldi. Uşaqları da götürüb getdik Xocalıya. Kənd camaatı yığışmışdı bir yerə. Deyirdilər ki, onlar Xocalını axıra saxlayırlar, bizi qıracaqlar.

  Ermənilər heç vaxt bizimlə düz gəlməyiblər. Aramızda heç vaxt əmin-amanlıq olmayıb. Son hadisələrdən neçə il qabaq idi. Qızım bağçaya gedirdi. Bir gün gələndə ağladı. Dedi ki, ana, mən daha bağçaya getməyəcəm. Dedim niyə, qızım?  Dedi ki, uşaqlar mənə "türk, türk" deyib qışqırırlar. Dedim sən də onlara "hay, hay" deyə bilmirsən? Bağçanın müdiri Roza adında erməni idi. Ona başa salmaq istədim ki, qoyma uşaqlar arasında ayrı-seçkilik yaransın. Nə xeyiri... Hələ özüm. Elə vəziyyət yarandı ki, son 4 ayda xəstəxanaya- iş yerimə gedə bilmədim.        



  -Bir igid bir elin dayağıdır. Həmin ağır günlərdə qardaşınız, xalqımızın vətənpərvər, qəhrəman, cəngavər oğlu Əlif Hacıyev camaatın  xilası üçün nələr edirdi? Bu haqda mətbuatda çox məlumatlara rast gəlirik. Bununla belə, yenidən xatırlamağa çalışın. Bəlkə indiyədək bilmədiyimiz, çoxumuzun xəbərsiz olduğu məqamlar da var.

   -Əlif Hacıyevin dəfnində bir general çıxış edəndə dedi ki, onun bu Vətən üçün elə fədakarlıqları var ki, bu haqda nə ailəsi bilir, nə ata-anası, nə bacı-qardaşı.

    Xocalı hadisələrindən neçə il əvvəl- 1984-cü ildə ermənilər Kosalar kəndindən bir uşağı oğurlayıb zirzəmidə gizlətmişdilər. Onu öldürəcəkdilər. Əlif bundan xəbər tutan kimi elə həmin axşam uşağı ermənilərin əlindən xilas elədi. Onun bir qrup erməniyə qarşı Ballıcada təkbaşına necə cəsarətlə atışdığı haqda da bəlkə çoxları xəbərsizdi. Bir sözlə, çox qorxmaz idi Əlif. Prokurorluqdan Ayvazyan soyadlı erməni Xocalıdan olan Eldarın maşınını əlində alıb, özünü də həbsə atdırmışdı. Elə həmin gün Əlif özünü çatdırmışdı hadisə yerinə. Ayvazyanın onunla kobud danışdığını görəndə Əlif onun yaxasından tutub divara elə çırpmışdı ki, ermənilər qorxudan həmin anda da Eldarı buraxmışdılar. Pirəməki kəndində 60 azərbaycanlı ailə yaşayırdı. Ordakı faciənin böyüməsinin qarşısını alan da Əlif olmuşdu. Qürurluyam ki, Əlif kimi qorxmaz oğulun bacısıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların hamısı mənim üçün əzizdir. Hamısını Milli Qəhrəman bilirəm.


  Əlif Hacıyev 992-ci il fevralın 25-dən 26-na keçən gecə üç dəfə qadın, qoca, uşaqları mühasirədən çıxarmışdı. Sonra yenidən qayıdıb döyüşə girmişdi. Axırıncı dəfə geri qayıdanda Sahib yaxasından tutub ki, getmə. Çox təkid edib. Əlif deyib, nə danışırsan? Xocalı od içindədi, arvad-uşaq qırılır, necə qayıtmaya bilərəm.    

    -Qəhrəmanımızla bağlı belə bir xatirə də oxumuşdum ki, Əlif Hacıyaev həmin gecə meşədə sakinləri yola salıb, döyüş mövqeyinə qayıdanda, balaca bir oğlanla qarşılaşır. Ona papağını hədiyyə edir və deyir ki, qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan. İndi sizinlə söhbət edə-edə o əmanətin "taleyi"ni düşündüm.

     -Olmuş hadisədi. İndi bilmirəm hardadı o oğlan. Ağlaya-ağlaya deyirmiş ki, bu papağı Əlif dayı mənə yadigar verib.

    Anamıza çox bağlı idi. Uşaq vaxtı gedib çaydan balıq tutardı. O balıqları satıb pulunu yığmışdı və həmin pulla anama tikiş maşını almışdı. Həmişə anamı sevindirməyə çalışardı, onu sevindirərdi. Bir də uşaqlıqda tez-tez deyərdi ki, ana, mən Sovet İttifaqı Qəhrəmanı olacam. Həyat elə gətirdi ki, Əlif Hacıyev öz doğma Vətənimizin Milli Qəhrəmanı oldu. Həyatını Vətənə fəda etdi. 36 yaşında Şəhidlik zirvəsinə ucalmağı bacardı.

    Bacımgilin kəndilə bizim kəndin arasında bir yol vardı. Yadımdadır ki, ermənilər onu şərləyib tutdurduqdan sonra Əlif çox çətinliklə bəraət aldı. Həbsdən təzə çıxanda vaxtaşırı bacımgilə dəyərdi. Gedəndə də mütləq yolun üstündəki qəbirstanlığa dönər, anamın məzarını ziyarət edərdi. Onun ölümündə özünü günahkar bilərdi. Deyərdi ki, həbs olundum, anam dözmədi, bu dərddən öldü.

    Çox ağır təbiətli idi. Xalqına, torpağına, millətinə çox bağlı idi. Bir dəfə bizdə idi. Həmin vaxt erməni montyor sayğacımızı düzəltməyə gəlmişdi. Əlif başladı buna ki, siz ermənilər çox şovinist, qansız, etibarsız millətsiniz. Düzü, dedim ki, Əlif, yaxşı deyil, evə gələn qonaqla elə danışmazlar. Dedi, sən onları yaxşı tanımırsan. Ömür boyu bizə qarşı düşmənçilik ediblər.


     -Milli Qəhrəmanımızın ailəsi ilə bağlı da xəbər tutmaq istəyirik.  

    -Həyat yoldaşı Qalinadı, bir də iki qızı. Böyük qızının adı Zərinə, kiçiyininki İradə. İkisi də işləyir. Qalina xanımın səhhəti hazırda çox pisdi. Ayaqları tutulub, iki addım atmağa belə çətinlik çəkir. Ürəyi də xəstədir. Xocalıda, Xankəndidə insanlara ev verilir. Nədənsə Azərbaycanın ilk Milli Qəhrəmanı Əlif Hacıyevin ailəsi yada düşmür. Belə igid oğulun ailəsi necə ola bilər ki, diqqətdən kənarda qalsın. Onun ciddi sağlamlıq problemi yaşayan həyat yoldaşı, övladları buna haqq etmirmi? Aidiyyatı qurumlar bu ailə ilə niyə maraqlanmırlar? Düşünürəm ki, cənab Prezident İlham Əliyev bundan xəbərsizdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bilsə, əminəm ki, bu arzumuzu diqqətdən kənarda qoymaz. 

    -İşğal dövrünün ən böyük dəhşətini xocalılar yaşadı. Bu ağrı-acılara, məhrumiyyətlərə necə dözdünüz? Ayaqda qalmağı necə bacardınız? 

   -Doğrudur, dərdlərə zaman məlhəm olur- deyirlər. Amma Xocalı dərdi  ölənə kimi bizimlədir. Bu dərd sağalmazdır. Bir az qaysaq bağlayır, hər an da o qaysaq qopub qanaya bilir. Onda da ürəyimizin başı sızıldayır. O gecə yadıma düşəndə elə bilirəm ki, nə gözlərim görürdü, nə qulağım eşidirdi. Onda 35 yaşım vardı. Üç qardaşımın üçü də, atam da Xocalıda idi. Qardaşımın biri burada deyildi- Rusiyada idi. Xocalıdan xəbər tutmaq mümkün olmurdu həmin vaxtlar. Ölkə televiziyasında deyilənlər yalan idi. Əsl həqiqəti demirdilər. Əlif Hacıyevin şəhid xəbərini də, o biri qardaşımın  itkin düşdüyünü də sonradan bildim. Hələ də gözüm yoldan yığılmır. Bir gün Süleymanın qayıdacağına inanıram. Onun iki övladı qaldı. Biz onlara həm ata olduq, həm ana. Anaları 1-ci qrup əlildir. Qəfil halı dəyişir, çox pis vəziyyətə düşür. Bacım Mina da onun kimi. Yataq xəstəsidir, yeriyə bilmir. Hamısı müharibənin fəsadlarıdır.  Bu halları yaşayan bacı necə olar? Elə istəyirəm ki, o gün həyatımdan birdəfəlik silinsin, amma silinmir. Danışdıqca qəhər məni boğur. Allah bir daha xalqımıza belə dəhşət göstərməsin.

  Şükrlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Ali Baş Komandanımız, ordumuz tarix yazdı. İndi başımızı dik tuta bilirik. Oğul Vətən üçün yaranıb. Şəhidlərilə torpaq Vətən olur, müqəddəsləşir. Məkanları cənnət olsun. Uca Yaradan qazilərimizə, veteranlarımıza can sağlığı versin.   

   -Xocalıya getmiş olarsınız yəqin ki... Bunu düşünüb soruşuram- uzun illərin ağrı-acılarından, itkilərindən sonra bu görüş sizə hansı təsəllini verdi?

    -Üç dəfə getmişəm. Birinci dəfə "İctimai Televiziya"nın əməkdaşları bizi apardılar. Bərdə tərəfdə "Dörd yol" deyilən yerə çatana kimi hər şey yaxşı idi. Ordan keçəndən sonra daş-daş üstə qalmamışdı. Hər yan xarabalıq idi. "Əsgəran" postundan sonra yaddaşım tamam silindi. Heç yan mənə tanış gəlmədi. Halım dəyişdi. Xocalıya çatanda özümü nə qədər ələ almaq istədimsə, bacarmadım. Əziz, doğma yurdumdan bir nişanə qalmamışdı. Addımbaşı qaynayan bulaqlarımızın çoxu qurumuşdu. Elə bil ki, Xocalı qətliamından sonra suları yerin altına çəkilmişdi. Çay məcrasını dəyişmişdi. Hər yan yas içində idi. Qardaşımın, atamın, əmimin evləri tamam dağıdılmışdı. Xocalımı o vəhşi, qaniçən ermənilər belə dəhşətli günə salmışdılar. Dedim 36 ildən sonra gəlmişəm, gedim anamın qəbrini ziyarət edim. Getdim. Çox çətinliklə tapdım. Anamın başdaşını yıxmışdılar. Yazısından tanıdım.  Xatırladıqca xəyal məni ötən illərə aparırdı. Gözlərim hər yanda qardaşımın ayaq izlərini gəzirdi.

   Əlifin qızları hər dəfə bizə gələndə deyirlər ki, bibi, sənə baxdıqca bilirik ki, atam da sənin kimi qocalır. Əlif məndən iki yaş kiçik idi.


    -Böyük Qayıdış davam edir. Ata-baba ocaqları, yurd yerləri... Nə düşünürsünüz, hansı arzu ilə yaşayırsınız?

   -Mən bütün əşyalarımı toparlamışam. O arzu ilə ki, yolüstəyəm, Xocalıya gedəcəm. Hələ ki, gözləyirəm. Amma təəssüflər olsun ki, heç bir səs-səda yoxdur. Əlifin qızları da tez-tez soruşurlar ki, bibi, nə vaxt gedəcəyik? Deyirəm, bibiniz sizə qurban, İnşAllah, gedərik. Amma hərdən mənə elə gəlir ki, ora getməyə ömrüm yetməyəcək. Ən böyük arzum öz yurudma qayıdıb, torpağına qovuşmaqdı. Xocalı həsrətim hələ bitməyib.


Nazim Əlifov, News365.az 

 


Sizin reklam burada
Sizin reklam burada