"Son bir ildə ABŞ rəhbərliyinin yürütdüyü siyasəti incələdikdən sonra belə qənatə gəldim ki, tərəflər arasında böyük müharibə olmayacaq".
Bu sözləri News365.az saytına açıqlamasında hərbi ekspert Tərlan Eyvazov deyib. Onun sözlərinə görə, Türkiyə, Səudiyə Ərəbistan, Oman kimi vasitəçi dövlətlərin sülhə çağırışları və İsrailin də böyük müharibə istəməyib geri addım atması müharibə variantını arxa plana keçirir:
"Baş verən proseslərə diqqətlə nəzər yetirdikdə görünür ki, tərəflər danışıqlar vasitəsi ilə anlaşacaq və müharibəyə ehtiyac qalmayacaq. Tramp biznesmendir və onun iqtisadi maraqları var. Hazırki hakimiyyət ABŞ-nin iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışır. Baş verə biləcək müharibə Birləşmiş Ştatların çətin dövrdən keçən iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər. Hərbi əməliyyatların başlaması mütləq şəkildə Körfəzin baxlanmasına səbəb olacaq. İranın bunu etmək üçün yetərli gücü var. Bu baş verərsə, ekoloji fəlakət yaşanacaq, həmçinin körfəz ölkələrinin neft çıxarma imkanları məhdudlaşacaq. Bu da neftin dünyada kəskin sürətdə bahalaşmasına səbəb olacaq. Qısası müharibə variantı nə region ölkələri, nə Qərb, nə də ABŞ üçün yaxşı heçnə vəd etmir. Bütün bu proseslərdən udan tərəf Rusiya ola bilər. İstər neftin bahalaşması, istərsə də yeni bir müharibə ocağının yaranması və dünyanın diqqətnin ora yayınması Rusiyanın işinə yarayır. Fikrimcə heç kimə lazım olmayan bu müharibə baş verməyəcək və hər şey danışıqlarla həll ediləcək".
