Yaxın Şərqdə gərginlik: İran danışıqlara hazır deyil

Yaxın Şərqdə gərginlik: İran danışıqlara hazır deyil
15:14

Yaxın Şərqdə gərginlik fonunda aparılan danışıqların nəticəsi ilə bağlı qeyri-müəyyənlik davam edir. Müxtəlif səviyyələrdə təmasların keçirildiyi bildirilsə də, tərəflərin mövqelərində sərtlik müşahidə olunur.

Politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında qeyd edib ki, hazırda xüsusilə İran daha kəskin mövqe nümayiş etdirir. 

Onun sözlərinə görə, Tehran özünə qarşı mümkün aqressiya ehtimalını nəzərə alaraq ehtiyatlı davranır və bu şəraitdə danışıqlara getməyin çətin olduğunu düşünür.

Ekspert bildirib ki, əsas mübahisə mövzularından biri Hizbullah ilə İsrail arasında atəşkəs məsələsidir. İran tərəfi hesab edir ki, bölgədə sabitliyin təmin olunması üçün ilk növbədə bu istiqamətdə konkret razılaşma əldə edilməlidir.

Politoloqun fikrincə, İsrailin Livan ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar mövcud gərginliyi daha da artırır və bu da danışıqlar prosesinə mənfi təsir göstərir. Bu səbəbdən Tehran belə bir şəraitdə dialoqa başlamağın məqsədəuyğun olmadığını düşünür.

Eyni zamanda qeyd olunur ki, ABŞ Prezidenti Donald Trump İsrailin Baş naziri Benjamin Netanyahu ilə əlaqə saxlayaraq zərbələrin intensivliyinin azaldılmasını istəyib. Lakin tərəflərin atəşkəs rejiminə tam əməl etmədiyi bildirilir.

Ekspert əlavə edib ki, bu cür şəraitdə tərəflər arasında real irəliləyiş əldə olunması çətin görünür və vəziyyət hələlik gərgin olaraq qalmaqdadır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada